Şıx qəsəbəsindən Zığa qədər nəhəng asma körpü çəkiləcək?

 30-01-2024

Bakı şəhərinin 2011-ci ildə təqdim olunan Baş planında Xəzər dənizi ilə paytaxtın amfiteatr hissəsində, eyni zamanda Qara şəhər - Zığ ərazisində nəhəng layihənin əsasının qoyulacağı ilə bağlı bir məlumat əks olunub. Bildirilib ki, Bakı buxtası üzərində qurulan dünyada ən uzun asma körpüsü salınacaq. Bu layihənin ilkin variantı da hazırlanıb və tam mükəmməl bir layihənin icrasına başlamaq üçün Cənubi Koreya şirkətinə tapşırıqlar verilib. "Bakı körfəzi dəniz körpüsü" Cənubi Koreyanın "Dong Sung Engineering" şirkətinə həvalə olunub.

Şıx qəsəbəsindən Zığa qədərki asma körpünün bir hissəsi dor ipləri, bir hissəsi isə dayaqlar üzərində tikiləcək. Körpünün altından 40 min tona qədər dedveyti olan gəmilər keçə biləcək. Cənubi Koreya tərəfi Bakını əhatə edən dairəvi yola birləşəcək körpünün tikintisinə təxminən 1 milyard dollar həcmində vəsait ayıracaq. Eyni zamanda Dubayın və Küveytin tanınmış dizayn şirkətləri də bu işə cəlb olunublar. Bu körpünün dəniz üzərindəki uzunluğu 13,3, ümumi uzunluğu isə 26,5 kilometr olacaq. Körpü həm də hazırda qövs şəklində olan 3 dairəvi yolu birləşdirəcək – deyə təqdimatda qeyd olunmuşdu.

Bəs sözügedən körpünün tikintisi reallaşmayacaq?

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Referans.az-a bildirilib ki, həmin asma körpünün Baş plana aidiyyatı olmayıb:

“Həmin körpünün Koreya hökumətinin layihəsi olduğu bildirilir. Onlar ümumi hesablamalarını aparıblar və layihə səmərəli olmadığına görə, tətbiqi dayandırılıb. Yəni texniki-iqtisadi hesablamalara görə körpünün çəkilməsi məqbul hesab edilməyib. Ümumiyyətlə, o körpünün baş plana aidiyyatı olmayıb”.

Nəqliyyat eksperti Fərhad Eyyubov isə bildirir ki, hazırda əsas məsələ Bakının yeni baş planında olan məsələlərə diqqət yetirmək lazımdır:

“Əslində həmin dövrə aid olan məsələlər o vaxt müzakirə olunub və ola bilsin hansısa bir iqtisadi çatışmazlığa görə körpünün tikintisi dayandırılıb. Elə layihələr var, 20-30 ildir ki, hazırlanıb, amma onun inşasına başlanılmır. Bakının özünün dairəvi yolları var. Onların bəziləri çəkilib, bəziləri isə gələcək baş planda nəzərdə tutulub. Hazırda Bakının bir çox yollarında günün müəyyən saatlarında ciddi tıxacların olduğunu müşahidə edirik. Bu tıxacların aradan qaldırılması üçün də çox effektiv bir layihə və peşəkarlıq lazımdır”.

Ekspert Bakı şəhərində tıxacların aradan qaldırılması üçün 3 əsas prinsipin həyata keçirilməli olduğunu dilə gətirib: “Birincisi operativ təşkiletmə modelidir. Müəyyən istiqamətlər dəyişdirilir, meydanlar nəzərdə tutulur, svetaforlara dəyişiklik edilir. İkinicisi memarlıq-layihələndirmə üsuludur. Yəni yolların genişləndirilməsi, yeni yolların salınmasıdır. Baş planda 280 km-ə qədər yeni yolların salınması nəzərdə tutulub. Amma bu yollar haradan salınacaq bu hələ tamamilə müəyyən olunmayıb. Üçüncü isə inzibati məhdudiyyət üsuludur. Yəni yollara müəyyən nəqliyyat vasitələrinin buraxılmasıdır. Elə yollar var ki, sırf orda ictimai nəqliyyat iştirak edəcək”.

Bənzər yazılar

0.1780469417572