Qəfil gələn “səssiz ölüm” – Dəm qazından boğulanın sağ qalma ehtimalı nə qədərdir?

 23-01-2024

Qış fəsli özü ilə bərabər bəzi problemləri də gətirdi. Məsələn, son günlər Azərbaycanda dəm qazından zəhərlənmələrin sayı kifayət qədər artıb. Hər il onlarla can alan “səssiz ölüm” təhlükəsindən yaxa qurtarmaq isə müşkülə çevrilib.

Maraqlıdır, dəm qazından zəhərlənmə baş verdikdə sağ qalma ehtimalı və ya həyati risk hansı halda olur?

Tanınmış tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, dəm qazından zəhərlənmə əsasən, texniki şərtlər gözlənmədikdə baş verir: 

“Dəm qazından zəhərlənmə əvvəllər daş kömür peçlərində baş verirdi. Zəhərlənmə ondan ayrılan karbon oksid vasitəsilə reallaşırdı. Bundan əlavə, müxtəlif qaz sobalarından istifadə zamanı texniki şərtlər gözlənilmədikdə də zəhərlənmə olur. Dəm qazı nəfəs aldıqda iy hiss etmədiyimiz, selikli qişada qıcıqlanma törətməyən bir qazdır. Nəfəs yolları ilə bədənə daxil olur, daha sonra hemoqlobini özünə birləşdirir və karboksihemoqlobin əmələ gətirir. 

Karboksihemoqlobin əmələ gətirdiyinə görə, hemoqlobin artıq oksigeni özünə birləşdirə bilmir. Müəyyən miqdardan sonra toxumalar oksigensiz qalır. Problemin mahiyyəti budur. Orqanizmdə həyati funksiyaları saxlamaq imkanına qədər hemoqlobin qalıbsa, həmin insanlar sağ qala bilir. Əgər bütün hemoqlobin birləşirsə, belə xəstələr ayılmırlar”. 

Professor vurğulayıb ki, hemoqlobin miqdarı azalan kimi beynin oksigen təchizatı azalır:

“Bu xəstələr birinci huşlarını itirirlər. Əksər hallarda belə şəxslər yuxuda dünyalarını dəyişirlər. Vaxtında tədbir görüləndə insanlara hansısa köməyi göstərmək olur. Burada əsas nüans orqanizmə daxil olan dəm qazının miqdarıdır.

Dəm qazından bəzən bir ailə məhv olur. Qazla isidilən evlərdə çox məsuliyyətli lazımdır. Əldə düzəldilən cihazlardan istifadə etmək olmaz. Ancaq zavod istehsalı olan,  texniki şərtlərə cavab verən cihazlara üstünlük verilməlidir. 

Bakı küləkli şəhərdir, ona görə də burada hər an bu problemlər yaşana bilir. Bu baxımdan qaz sızıntısına daim nəzarət etmək lazımdır. Bunun üçün karbon qazının və karbon dioksidin detektorları var. Bu detektorlardan alıb, evdə istifadə etmək olar. Sözügedən detektorlar təhlükə anında dərhal zəng çalır”.  

 

Bənzər yazılar

0.16549801826477