Bakıda həbs olunan Fransa casusunun şirkəti ölkəmizdə hansı sektorda fəaliyyət göstərir?

 08-01-2024

Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.

Bu barədə erməni əsilli fransız jurnalist Leo Nicolian 7 yanvar 2024-cü ildə “X” (keçmiş “Twitter”) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.

“Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. “Merkorama” MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib”, - o qeyd edib.

Fransa vətəndaşı Martin Ryanın 4 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.

Qeyd edək ki, daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət edib, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.

Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Məlum olduğu kimi, 2023-cü il dekabrın 20-də Fransa Prezidenti Emmanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.

Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə xarici kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

 
Qaynarinfo Martin Ryanın direktoru olduğu şirkətinin Bakıda hansı "işlərlə" məşğul olmasını araşdırıb. 
 
Məlum olub ki, "Merkorama" MMC 09.10.2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvani Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov, ev 13, m8, m. 5-dir. 
 
 
Şirkətin rəsmi veb səhifəsi olmasa da, sosial şəbəkə səhifələrində qeyd edilir: "Biz ilk növbədə istehlakçı tələbatına cavab verən və xüsusilə yerli bazarda yeni tendensiyalara diqqət yetirən, əsasən HORECA (qida xidməti səneyesi) sektoru üçün ərzaq məhsulları və xammalın idxalçıları və distribyutorlarıyıq".
 
Məlumatda o da bildirilir ki, şirkət müxtəlif sektorlardan olan xarici şirkətlərə Azərbaycanda ixrac və ya təsis layihələrində məsləhət və dəstək verir.
 
 
"Nəhayət, biz həm də Azərbaycanda mövcud olan və ya yaradılması prosesində olan, fəaliyyətlərinin bir hissəsini autsorsinq etmək istəyən yerli və xarici bizneslər üçün geniş çeşidli həllər və xidmətlər (İT həlləri, mühasibat uçotu, hüquqi dəstək, tərcümə) təqdim edirik", deyə şirkətin məlumatında qeyd edilir.

 

Bənzər yazılar

0.19285011291504