Prezident İlham Əliyev Bahar Əvəz qızı Muradovanın 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, B.Muradova Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub.
1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirib.
1984-1990-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
1994-2000-ci illərdə “Azərbaycan” Universitetində hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsil alıb.
2009-cu ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Siyasi institutlar və sistemlər” ixtisası üzrə “Azərbaycan Respublikası Milli Məclisinin xarici-siyasi əlaqələri: İkitərəfli və çoxtərəfli əməkdaşlıq” mövzusunda elmlər doktoru proqramı üzrə dissertantdır.
Əmək fəaliyyətinə 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində başlayıb, 1989 - 1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992 - 1993-cü illərdə “Qayğı” Cəmiyyətinin Yasamal rayon təşkilatının məsul katibi, 1993 - 1995-ci illərdə isə Yasamal Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb.
1995 - 2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İctimai-siyasi şöbəsində referent vəzifəsində çalışıb.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1994 - 1999-cu illərdə YAP Yasamal rayonu təşkilatı İdarə Heyətinin üzvü, 1995 - 2009-cu illərdə YAP Qadınlar Şurası sədrinin müavini olub. 1999-cu ildə keçirilən Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şuranın və İdarə Heyətinin üzvü seçilib, 2005-ci ilədək isə YAP icra katibinin müavini olaraq çalışıb.
2013 - 2021-ci illərdə YAP Beynəlxalq Əlaqələr komissiyasının sədri olub. YAP-ın 2021-ci ilin mart ayında keçirilən qurultayında yenidən İdarə Heyətinin üzvü seçilib.
II, III, IV və V çağırışlarda Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2000 - 2005–ci illərdə Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, eyni zamanda Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvü olub.
2005 - 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, 2015 - 2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri olub.
2005 - 2020-ci illərdə ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin, 2008-2020-ci illərdə isə Milli Məclisin Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri olub.
2006-cı ildən Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. 2015-2020-ci illərdə isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Ailəlidir, bir övladı var.