Qərbi Azərbaycan Xronikası: “Urud camaatı Qarabağda məskunlaşmaq istəyirdi, imkan vermədilər” - VİDEO

 29-12-2023

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Anam 1918-ci il qaçaqaçında yolda doğulub” adlı buraxılış Zəngəzur mahalının, Qarakilsə (Sisiyan) rayonunun Urud kənd sakini Elşad Qurbanovun  həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı, gözəl təbiəti, iqlimi olan, dağlarla əhatə olunan kəndin qədim tarixə maılik olduğunu, uşaqlıq illərində yaşadığı gözəl anları, dağlarda, yaylaqlarda, meyvə bağlarında və bulaq başında keçirdiyi maraqlı günləri, uşaq vaxtı oynadıqları milli oyunları, Novruz bayramının təmtəraqlı keçirildiyini xatırladıb.

E.Qurbanov orta məktəb müəllimlərini unutmadığını, hər gün üç kilometr yarım yolu soyuq, qarlı havada qonşu kəndə oxumağa getdiyini deyib:

“İndi məni ora dartan qüvvə var. İnsanlar yaşlaşdıqca Vətənə doğru meyllənir. Adət-ənənəsi, gözəl təbiəti olan, tarixi abidəsi olan yerlərə insanı istər-istəməz cəlb edir, getmək istəyirsən. Ora qayıdanda ilk olaraq qəbiristanlığa gedib ağır seyid olan Mir İsmayıl Ağanın dağıdılmış məqbərəsini ziyarət edəcəyəm”.

Urud kənd sakini 1918-ci il qırğınlarından danışaraq kövrəlib:

“O vaxt ata babamı ermənilər öldürüblər. Anam 1918-ci il qaçaqaçı zamanı Laçın yolunda doğulub və anası uşağı qoyub gedib. Sonradan onu kimlərsə gəlib aparıb. 1918-ci ildəki deportasiya bizim ailəmizdən yan keçməyib. Ən ağır deportasiyalardan biri olub. Andranik o vaxt Türkiyədən qaçıb İrəvan istiqamətinə, Naxçıvana, o tərəfdən Zəngəzura gəlib və Azərbaycan əhalisinin xeyli qırğınına səbəb olub”. 

Onun sözlərinə görə, 1988-ci ildə doğma yurddan məcburən çıxarılıblar: “Saqqallı erməni silahlı dəstələrinin Qərbi Azərbaycanda xeyli fəsadlar törədir, maşınları yandırır, insanları öldürür və kəndlərə hücumlar edirdilər. Biz məcburən 1988-ci ildə Füzulinin Govşatlı kəndinə getdik, valideynlərim 1992-ci ilin martına qədər orada məskunlaşdılar. Mart ayında Fizuli erməni işğalçıları tərəfindən işğal olundu və oradan Bakı şəhərinə gəldik”.

E.Qurbanov sonda doğma kəndə qayıdacağına əmin olduğunu bildirib:

“2022-ci ilin dekabrın 24-də  Prezident ad günündə Qərbi Azərbaycan İcmasının binasının açılışında dedi ki, biz Qərbi Azərbaycana, ata-baba torpaqlarımıza qayıtmalıyıq və qayıdacayıq. Ona görə inanıram ki, mütləq qayıdış olacaq. Çox inanıram ki, oranı görəcəm, gedib orada yaşayacam. Ona görə tam inanıram ki, həmin yerllərə qayıdacağıq. Mənim orada çox şirin anlarımı yenidən yaşamaq istərdim”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

 

Bənzər yazılar

0.17143416404724