Olmayan istilik, tələb edilən ödəniş: ASC niyə vətəndaşın müraciətinə baxmır? 

 21-12-2023

Bakı şəhər sakini “Azəristilik” ASC-dən narazıdır. 

Bu barədə Oxu.Az-ın redaksiyasına Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 71 ünvanında yaşayan sakin Dilarə Qasımova bildirib. 

Onun sözlərinə görə, 2018-ci ildən 2022-ci ilədək üçotaqlı mənzili normadan aşağı istiliklə təmin olunub:

“Binanın zirzəmisində boruların, su dirəyinin tam olaraq tutulması və istismar müddətinin bitməsinə görə sakinlərin mənzillərinə istilik verilmir. Əksər sakin kombi quraşdırıb və artıq istilik sistemini istəmir. Mən yaşlı qadınam, evdə də əlilliyi olan qızım var. Kombi çəkdirmək üçün imkanım yoxdur. Bu ilin yanvarında mənzilimizdə istilik tam olmadı.

Apreldə isə mənzilimə istilik sisteminin birləşməsi olmadığı üçün mən abonent olmaqdan imtina ərizəsi yazdım. ASC istiliyi olmayan binaya görə məni abonentlikdən çıxarmır. Amma ödənişi tələb etdilər, bizə ətrafdakılar kömək etdilər və 223 manat 96 qəpik ödənildi.

Amma bu il yenidən ödəniş yazıblar. İşlətmədiyim istiliyə görə, niyə ödəniş ödəməliyəm?. İndi mənə deyirlər ki, xətti özüm kəsdirməliyəm. Buna mənim imkanım yoxdur. Yasamal Rayon İcra Hakimiyyətinə də müraciət etdim ki, kömək etsinlər, etmədilər. İstilik olmadığı halda ödəyəcəyim pulu elektrik enerjisinə verərəm və soyuqda donmarıq”.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib ki, vətəndaş mərkəzləşdirilmiş qaydada istilikdən imtina etmək istəyirsə, müraciət ediləcək və dərhal xətlər mənzildən çıxarılacaq. 

Qeyd edək ki, Dilarə Qasımova aprel ayının 28-də quruma müraciət edib. Görünən odur ki, ASC vətəndaş müraciətlərinə belə “baxır”...

 

Bənzər yazılar

0.21823406219482