Emin Hüseynov: “Gələn ildən azad edilən ərazilərə qayıdış prosesi intensivləşəcək”

 12-12-2023

“Böyük Qayıdış” dövlət proqramı çərçivəsində bərpa-quruculuq işləri və köç prosesi davam edir. Artıq üç mindən çox məcburi köçkün ailəsi öz doğma torpaqlarına qayıdıb”.

Bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib. O qeyd edib ki, proses 2026-cı ilə qədər qrafik üzrə davam edəcək:

“Proses qarşıdakı dövrdə daha da sürətlənəcək. 34 min 500 ailədən 2026-cı ilin sonuna qədər 16 min ailə təkcə Qarabağ iqtisadi rayonuna köçürüləcək.

Ağdam şəhərində 20 min nəfərin məskunlaşması nəzərdə tutulub. Bu, “Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Ağdamın əsas mədəni tarixi mərkəzi hissəsində geniş layihələndirmə işləri artıq yekunlaşmaq üzrədir. Şəhərdə beş məhəllənin inşası nəzərdə tutulub. Eyni zamanda, açıq səma altında İşğal Muzeyi, Zəfər Muzeyi, Muğam Mərkəzi, mehmanxanalar, daxili yol-küçə şəbəkəsi, məktəb, xəstəxana, bütün zəruri sosial təsisatlar bu dövrdə tikilib təhvil veriləcək.

Ağdam şəhərindən başqa, 12 kəndinin, eyni zamanda, Füzuli şəhəri və 10 kəndinin bərpa olunub, 2026-cı ilin sonuna qədər təhvil verilməsi nəzərdə tutulub. Eyni zamanda, artıq Füzuli şəhərinə köçmüş əhali ilə mütəmadi iş aparılır. Onların məşğulluğunun təmin olunması ilə bağlı addımlar atılır. Hazırda 333 ailə orada məskunlaşıb. Bu yaxınlarda orada əmək yarmarkası keçirilib. İlk dəfə olaraq sakinlərimiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili öz doğma torpaqlarında qeyd edəcəklər”.

Bənzər yazılar

0.15798282623291