Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı

 11-12-2023

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb.

Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Bundan başqa, öz sosial şəbəkə hesabında hüquq müdafiəçisi Ələsgər Məmmədli (Əhmədoğlu) yazıb ki, pandemiya səbəbi ilə ölkə sərhədlərinin bağlı saxlanılmasına dair Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması” barədə qərarı artıq Qanunla ona verilən səlahiyyətləri legitim səbəb olmadan sui-istifadə etməkdir.

O bildirib ki, əgər həqiqətən də Nazirlər Kabinetinin 11 dekabr 2023-cü il tarixli qərarına hüquqi səbəb olsa idi, gərək ölkədə ən kütləvi tədbir olan və 5 milyondan çox şəxsin eyni saatlarda  səsverməyə getməsini tələb edən Prezident seçkiləri də keçirilməməli idi: 

“Nazirlər Kabinetinin qərarnda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 aprel saat 06:00-dək uzadılsın.
Bu səbəb həqiqətən mövcuddursa, seçki də keçirilə bilməz. Cəmiyyəti dolamağa ehtiyac yoxdur. Pandemiya varsa, hər iş və kəs üçün var, yoxdursa heç bir iş üçün və heç kəs üçün yoxdur. Seçkiyə kütləvi getmək virusun yayılmasına risk yaratmır, sərhədlərdən bir-bir, növbəli keçmək risk yaradır?”

Qeyd edək ki, bu gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti gələn il aprelin 2-si saat 06:00-dək uzadılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilməsi ilə bağlı sərənxam imzalayıb.

Sərəncamda deyilir ki, Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Bənzər yazılar

0.17779803276062