Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxt başlanılacaq?

 08-12-2023

Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə nə vaxtdan başlanılacağı məlum olub.

“Report”un məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar prezident seçkisinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əksini tapıb.

Qeyd edilib ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılmalıdır.

Bundan başqa, 2024-cü il yanvarın 15-dən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. 

Proses fevralın 6-sı saat 08:00-da dayandırılacaq.

Həmçinin, 2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq.

2024-cü il yanvarın 28-dək seçki bülletenləri hazırlanacaq. 2024-cü il fevralın 17-dək növbədənkənar prezident seçkisinə yekun vurulacaq.

Gələn il fevralın 17-dək MSK prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim ediləcək.

Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkisi ilə əlaqədar 2024-cü il yanvarın 18-dək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.

Gələn il yanvarın 28-dək isə “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul olunacaq.

Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında 2024-cü il fevralın 7-də seçkilərin təyin edilməsi haqqında qərar qəbul edildib. Qərar qəbul edildikdən sonra ən geci iki gün müddətində (dekabrın 10-dək) dərc edilməlidir.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Bənzər yazılar

0.2232608795166