Prezident İlham Əliyev: "Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır”

 06-12-2023

“Ermənistanın hazırda iki variantı var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”.

Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışı zamanı deyib.

Nikol Paşinyanla Brüsseldə müzakirə edilən məsələlərdən birinin Rusiyanın Kalininqradla dəmir yolu xətti təcrübəsinə əsaslandığını vurğulayan dövlət başçısı Ermənistanın bunu istəmədiyini deyib:

Onlar istəyirlər ki, bizə bu çıxış verilməsin, onun qarşısı alınsın. Onlar gördülər ki, biz bunu etmirik, başladılar şikayətlə çıxış etməyə. Beləliklə, biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir?

Çünki biz bunu Ermənistana 3 il idi ki, söyləyirdik. Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin. Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərəsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir.

Sülh prosesinin təşəbbüskarı biz olmuşuq. İlkin mərhələdə Ermənistan tərəfinin səyləri var idi. Bu, həmin sülh müqaviləsi layihəsinə “Dağlıq Qaradağ respublikası”nı daxil etmək idi. Biz əlbəttə ki, bunu rədd etdik. Onlar çalışırdılar ki, müxtəlif mətnlər, formatlar çərçivəsində bunu (“Dağlıq Qaradağ respublikası” – red.) oraya daxil etsinlər. Bizim isə münasibətimiz o idi ki, bu haqda danışa bilmərik, danışmamalıyıq və ərazi bütövlüyünün tanınması qarşılıqlı olmalıdır.

Ona görə də biz deyirdik ki, Azərbaycanda erməni azlığı o mətnə daxil ediləcəksə, o zaman Ermənistandan didərgin salınmış azərbaycanlıların da məsələsi oraya daxil edilməlidir və onlar Ermənistana qayıtmalı, orada yaşamalıdırlar, onların hüquqları, təhlükəsizlikləri tam təmin olunmalıdır. Necə ki, Azərbaycanda erməni azlığının hüquqları təmin ediləcək. Təəssüf olsun ki, Ermənistan tərəfi bunu rədd etdi. Bu, məntiqsiz idi. Çünki biz qeyri-adi bir şey təklif etmirdik. Biz qarşılıqlı prinsipi təklif edirdik. Digər variant isə, ümumiyyətlə, bu mövzuya toxunmamaq idi. Sentyabrın 19-da keçirilən antiterror tədbirlərindən sonra mənə elə gəlir ki, bu maneə aradan qalxıb. Biz hər iki azlığı sülh müqaviləsində təsbit edəcəyik və ya bunun haqqında, ümumiyyətlə, danışmayacağıq.

Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm”.

İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlətimizin başçısı əlavə edib:

“Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”.

Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib: “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var.

Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun. Mən Laçına qayıtmış sakinlərlə görüşümdə qeyd etdim ki, bu məsələnin normal həlli yolu var və mən o zaman dedim, separatçıların liderləri təslim olsunlar, onlara qarşı amnistiya tətbiq edilə bilər. Təəssüf olsun ki, yenə də mənim sözlərimə düzgün qiymət verilmədi. Bu gün separatçıların rəhbərləri Azərbaycandadırlar. Onlar buraya gəlmək istəyirdilər və bizi hədələyirdilər ki, tank üzərində gələcəklər Azərbaycana, Bakıya. Bu gün isə Azərbaycanda mühakimə olunmağı və bizim ədliyyə sisteminin yekun qərarını gözləyirlər”.

Dövlət başçısı deyib: “Ümid edirdik ki, biz Qarabağ ermənilərinin nümayəndələri ilə təmaslar qura biləcəyik. Lakin təəssüflər olsun ki, orada hakimiyyəti bir növ inhisarçılığa götürmüş insanlar buna imkan vermədi. Bundan əlavə, sentyabr ayında iki hadisə baş verdi ki, bu, bizim üçün qırmızı xəttin keçməsi demək idi. Birincisi, Ermənistan baş nazirinin dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyi münasibətilə təbriki, bu, tamamilə Ermənistan baş nazirinin dediyi və imzaladığı sənədlə ziddiyyət təşkil edirdi. Çünki ötən ilin oktyabrında Ermənistan və onun baş naziri rəsmi olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı. Bundan sonra eyni ruhda olan çoxsaylı bəyanatlardan sonra separatçılara təbrik məktubunun göndərilməsi tamamilə qəbuledilməz idi bizim üçün və çoxziddiyyətli bir hərəkət idi”.

“Biz suverenliyimizi iki il yarım bundan əvvəl bərpa edəndə gördük ki, Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var və onlar heç bir beynəlxalq hüququn prinsiplərinə məhəl qoymurdular. Biz ümid edirdik ki, bu məsələ öz həllini tapacaq. Biz dərk edirdik ki, bu, anormal vəziyyətdir və İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim mövqeyimiz aydın idi. Qarabağda yaşayan insanların iki seçimi var - onlar ya Azərbaycan vətəndaşları olurlar və onların bütün hüquqi çərçivələri yaradılır və ya yaşayış üçün digər yerləri seçirlər. Bunun başqa yolu yox idi”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

0.1687970161438