Bir qrup qazinin özünəqəsd üçün dərman içdiyi deyilir

 30-11-2023

 Sabirabad rayonunda bir qrup Vətən müharibəsi iştirakçısı - Zeynalov Sənan, Zeynalov Fərid və İsgəndərzadə Əlinin intihara cəhd etdiyi iddia olunur.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, intihara cəhd edən qazilər 2 ilə yaxındır, fərqli vaxtlarda, dəfələrlə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarova rəsmi və qeyri-rəsmi müraciət edərək onlara qanunla nəzərdə tutulmuş torpaq sahəsinin ayrılmasını xahiş ediblər:

“Müraciət cavabsız qaldığı təqdirdə, qazilər Prezident Administrasiyasının Vətəndaşların qəbulu şöbəsinə üz tutublar. Orada bir neçə dəfə cənab İlham Əliyevin köməkçisi Zeynal Nağdəliyevin qəbulunda olublar, faktları təqdim ediblər, onlara köməklik etməsini xahiş ediblər. Hörmətli Z.Nağdəliyev Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova zəng vuraraq, qazilərin yaranmış problemlərini aradan qaldırması ilə bağlı tapşırıq  verib.

Bundan sonra, qazilər problemlərinin həllinə inanaraq, Sabirabad Rayon İcra Hakimiyyəti binasına yaxınlaşıblar. Sabirabad rayon icra başçısı, bələdiyyə sədri olan şəhid atasını qazilərin qabağına çıxararaq insident yaradıb. Qazilər buna etiraz olaraq dərman içərək intihara cəhd ediblər”.

Qeyd olunur ki, intihara cəhd edən qazilər hal-hazırda Sabirabad rayon xəstəxanasındadırlar, vəziyyətləri barədə tam məlumat yoxdur.

Məsələ ilə bağlı Sabirabad İcra Hakimiyyəti açıqlama yayıb.

“30.11.2023-cü il tarixdə S.Zeynalov və F.Zeynalov dərman preparatlarından zəhərləndikləri ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktorunun və rayon Polis şöbəsinin verdiyi məlumata görə S.Zeynalov və F.Zeynalovun həyatı üçün təhlükə yoxdur. S.Zeynalov və F.Zeynalovun qanuna zidd hərəkətləri ilə bağlı RİH və H.Süleymanov tərəfindən hüquq-mühafizə orqanlarına müraciətlər olunmuşdur.

Əlavə olaraq bildiririk ki, S.Zeynalova RİH tərəfindən müxtəlif vaxtlarda maddi köməklik göstərilmiş, RİH-nin təşəbbüsü ilə Ulacalı bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti üçün 900 kv.metr torpaq sahəsi istifadəsinə verilmiş və hazırda sənədləşmə işləri aparılır. 2023-cü ildə müharibə əlili kimi Sabunçu rayonu Ramana qəsəbəsində 3 otaqlı mənzillə təmin edilmişdir.
F.Zeynalova da RİH tərəfindən maddi köməklik göstərilmişdir. F.Zeynalov RİH başçısının 01.03.2022-ci il tarixli 32 saylı sərəncamı ilə mənzil növbəsinə götürülmüş, RİH-nin təşəbbüsü ilə Ulacalı bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyəti üçün 300 kv.metr torpaq sahəsi istifadəsinə verilmiş və hazırda sənədləşmə işləri aparılır”, - məlumatda deyilir.

Bənzər yazılar

0.17237997055054