Gömrük orqanları iş adamlarına qan uduzdurur?! - PREZİDENTƏ MÜRACİƏT

 29-11-2023

İş adamını Prezidentə şikayətinə görə iki gün Gömrük Komitəsində ac-susuz saxlayıblar


Redaksiyamıza zərərçəkmiş iş adamı Aqşin Həsənzadə Gömrük Komitəsində başına gələn özbaşınalıqla bağlı şikayət məktubu göndərib. Həmin şikayət məktubunda qarşılaşdığı haqqsızlıqla bağlı ölkə prezidenti cənab İlham Əliyevə müraciət edərək kömək istəyib.

Zərərçəkmiş iş adamı Aqşin Həsənzadənin şikayət məktubunu olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

“Sahibkarlığın inkişafına maneə yaradanlar cəzalandırılacaqlar, hər bir ölkə iqtisadiyyatının tərəqqisi sahibkarlığın surətli inkişafından xeyli asılıdır”

Hörmətli Cənab Prezident,

Bu proqram xarakterli müdrik sözlər məhz Sizə məxsusdur və Siz bu sözləri dəfələrlə efir məkanlarında da səsləndirmisiniz.

Gözləmək olardı ki, gömrük orqanları bu vacib sahəyə yönəltdiyiniz qayğı və diqqətinizi və göstərişlərinizi icra üçün rəhbərliyə alaraq sahibkarlara qarşı olan zorakılığı, süründürməçiliyi islah edəcəklər, sahibkarlıq çiçəklənəcək.

Lakin gömrük strukturları elə bir zərərli vərdişə qurşanıblar ki, burada gömrük sisteminin
məqsədyönlü şəffaf fəaliyyəti ilə bağlı olan bütün göstərişləri, tövsiyələri bir kənara qoyub, bazar qanunları ilə işləyirlər.

Bütün bunlar da ölkəmizi sarsıdır, sosial gərginlik yaradır, narazıların sayını artırır, sahibkarları məhvə sürükləyirlər.

Hörmətli Cənab Prezident,

Ötən müraciətimdə qeyd etdiyim kimi Respublikamızda mövcud olan zəruri təlabata uyğun olaraq Türkiyədən Bakıya gətirdiyim 1950 ədəd çamadanın Bakı Baş Gömrük İdarəsində heç bir hüquqi əsas olmadan saxlanılması, qondarma süründürməçiliyə, burokratik əngəllərə məruz qalmağım barədə sahibkar olaraq Sizə müraciət edərək Sizdən köməklik xahiş etmişdim. 

Ünvanınıza, eləcə də Respublika Gömrük Komitəsinə göndərdiyim eyni məzmunlu müraciətimlə əlaqədar məni noyabr ayının 27-də və 28-də komitəyə dəvət etdilər, ölkə başçısı olaraq Sizə həqiqəti əks etdirən şikayət müraciəti yazdığıma görə məni yetərincə ittiham etdilər, hədələdilər 2 gün məni girov kimi, ac, susuz saxladılar.

Allah xatirinə, insanlıq naminə mənə bir stəkan su da vermədilər və açıqca bildirdilər ki, prezidentin özü də bilir, bizim yazılmamış öz qanunlarımız var heç kimin bizim işlərimizə müdaxilə etməsinə, bizə göstəriş verməsinə səlahiyyəti yoxdur.

Belə olan halda məni bir sual dərindən düşünməyə vadar edir:

Fikirləşirəm ki,bəlkə mən çamadan yox, Respublikaya narkotik vasitə gətirmişəm? Düşünüb daşınıram ki, bəlkə Azərbaycan adlı məmləkətə rəhbərlik edən Gömrük Komitəsidir?

Cənab Prezident,

İstər sahibkar, istərsə də Azərbaycan vətəndaşı kimi soruşmaq istəyirəm: Özbaşınalığın, rüşvətxorluğun baş alıb getdiyi, ölkəmizin sahibkarlarına, iş adamlarına qan udduran, cəhənnəm əzabı verən bu qurumun havadarı görəsən kimdir?

Hörmətli cənab Prezident,

Siz sadəlik nümunəsi gəstərib dəfələrlə efir məkanlarında özünüzü xalqın xidmətçisi elan etdiyiniz halda sərəncamınızla vəzifələrə təyin etdiyiniz məmurlar yerə-göyə sığmır, insanlara cəhənnəm əzabı verir, siyasətinizə müqavimət göstərirlər. Mən bu ədalətsizliyə qəti şəkildə etiraz edirəm.

Bu əməllərin heç bir hüquq normalarına sığmadığını elan edirəm və birmənalı olaraq bildirirəm ki, bu qanunsuzluğa görə bütün cavabdehlik və məsuliyyət istənilən halda Gömrük Komitəsinin və Bakı Baş Gömrük İdarəsinin üzərində qalır və adıçəkilən orqanlar qanun qarşısında cavab verməli olacaqlar.

Gömrük sistemində mövcud olan haqsızlığa, insan amilinə hörmətsizliyə dözə bilmirəm, mən hazırda mənəvi terrorla üz-üzəyəm, artıq intihar barədə düşünürəm. Belə gedərsə səbəbini yazıb özümə qəsd edəcəyəm. Bu aktual mövzu nüfuzlu saytlarda ictimailəşdiriləcək və efir məkanlarında səsləndiriləcək.

Qoy, geniş oxucu kütləsi və televiziya izləyiciləri görsünlər ki, gömrük sistemində nələr baş verir!

Əlaqə telefonu: (050) 252-00-75

Səmimi hörmətlə: Aqşin Həsənzadə
zərərçəkmiş iş adanı

P.S. Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə və Bakı Baş Gömrük İdarəsinə zəng edib münasibət öyrənmək istəsək də, bu mümkün olmadı. Qarşı tərəf kimi aidiyyati orqanlarında münasibətin dərc etməyə hazırıq.

QEYD: 6 İyul 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun əmri ilə Elmir Ramazanov Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunub. 

Bakı Baş Gömrük İdarəsinin yeni rəisi Elmir Ramazanov 1988-ci ildə Bakıda anadan olub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatin huquqi tənzimlənməsi fakültəsini bitirib.

2022-ci ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinə daxil olub.

Əmək fəaliyyətinə ixtisasına uyğun olaraq Vergilər Nazirliyində başlayıb. 2012-ci ildən vergi sistemində inspektor vəzifəsindən başlamaqla müxtəlif postlarda çalışıb. Nəticədə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini vəzifəsinə qədər yüksəlib.

Dövlət Gömrük Komitəsi sədrinin 2022-ci il 15 avqust tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsinin rəis müavini təyin edilib.

 Azər Mətin

Bənzər yazılar

0.05684494972229