Qızılca peyvəndindən çəkindirənlərə SƏRT REAKSİYA

 28-11-2023

“Qızılca yoluxucu xəstəlikdi, yoluxma daha çox bağça və məktəbdə sürətlə yayılır. Qızılcadan qorunmağın yeganə yolu peyvənddir, başqa yol yoxdur. Bütün dünyada belədir, Sovet dönəmində bu peyvənd səhiyyənin strateji qolu idi. Xatırlayıram ki, bəzi cahil valideynləri polislə poliklinikalara gətirirdik. 

Bunu pediatr həkim Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında deyib.

"İndi uşaq hüququ, valideyn, ananın hüququ deyilir və mən bunu anlayıram. Təbii ki, kiminsə peyvənd vurdurmamaq hüququ var, amma mənim uşağımı yoluxdurur. COVID-19-dan sonra sosial şəbəkədə peyvənd əleyhinə gedən ordu yaranıb. Kefləri nə istəyir yazırlar, amma heç biri də ciddi bir elmi mənbəyə, mərkəzə istinad olunmur. 

Biri yazır ki, peyvənd zəhərləyir, autizim, əlillik yaradır. Amma ciddi sübutu yoxdur. Bir vaksin ki sənin uşağını ölümdən qoruyur, o necə ziyan verə bilər? Koronavirusdan sonra boşboğaz kütlə üçün bu, əsl mövzu idi. Onu da deyim ki, qızılca elə də ağır xəstəlik deyil, simptomatik müalicəsi var, amma ağırlaşması çox təhlükəlidir”.

Həkim vaksinlərin tərkibinin eyni olduğunu, beynəlxalq standartlardan keçdiyini qeyd edib:

“İstənilən vaksin beynəlxalq standartlardan keçib, sonra istifadəyə verilir. Yəni heç kim ətəyində vaksin gətirib Azərbaycanda sata, poliklinikaya verə bilməz. Bu mümkünsüzdür. COVID-19-dan qabaq qızılca geniş yayılmışdı, təcrid vaxtı bunlar aradan çıxdı. Yenidən yoluxma artıb. İndi baxırıq ki, qızılca ən çox rayonlarda və peyvənd olunmayan uşaqlardadır. Qızılca peyvəndi davamlı immunitet almaq üçün iki dəfə, 1 və 6 yaşında olunur”.

Vaqif Qarayev övladlarını peyvənd olunmaqdan çəkindirən həmkarlarını qınayıb:

“Mənə valideynlər deyirlər ki, həkim deyir ki, peyvənd eləmə. Bunu bir, iki adam demir. Az olsa, ananın özünü qorumaq üçün dediyini fikirləşərsən. Bu, dəhşətdir. Əlim çatmır, yoxsa həmin həkimin yaxasından tutub o sualı verərdim ki, bəs nə məsləhət görürsən? Ana uşağını bu infeksiyalardan necə qorusun?! Adam dəli olmaq dərəcəsinə çatır. İlin-günün bu vaxtı təbabətin, tibbin əleyhinə necə getmək olar. Deyirlər ki, peyvənd lazım deyil. Bəs nə lazımdır, deyin bilək də...” - deyə pediatr əsəbiləşib.

 

Bənzər yazılar

0.16345810890198