“Əlil deyiləmsə, niyə evlə təmin etmisiniz?” - Qazi müavinətin kəsilməsindən NARAZIDIR

 19-07-2022

Xaçmaz rayon Bostançı kənd sakini 1-ci Qarabağ müharibəsi qazisi Babayev Süleyman Rzababa oğlu əlillik müavinətinin kəsilməsindən narazıdır.

Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Bildirilib ki, 2014-cü ildə mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə qazi Bostançı kəndində evlə təmin edib və ona ömürlük əlillik dərəcəsi verilib. Lakin 2020-ci ilin avqust ayından S. Babayevin əlillik müavinəti kəsilib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, müavinətinin bərpasına nail ola bilməyib.

S. Babayevin oğlu Qarabağ bölgəsində gizir kimi fəaliyyət göstərir və ailənin başqa gəlir yeri olmadığından dolanışıqlarının pis vəziyyətdə olduğu bildirilib. “Oğlum hər ay müəyyən bir qisim pul göndərir, onun da yarısını yollara qoyuram, ancaq işim düzəlmir. Əgər əlil deyiləmsə, niyə məni evlə təmin etmisiniz və yaxud əliləmsə, niyə müavinətimi kəsmisiniz?”, - qazi deyib.

Xaçmaz rayon sakini Babayev Süleyman Rzababa oğlu əlilliyinin qiymətləndirilməsi məqsədilə 12.04.2021-ci il Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə edilib. Müayinə zamanı müəyyən edilib ki, S.Babayevin hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına uyğun deyil.

Bu barədə Yeniavaz.com-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sözçüsü Tural Qurbanov bildirib.

O qeyd edib ki, bu baxımdan vətəndaşın əlilliyinə imtina verilib və tam reabilitasiya olması barədə qərar qəbul edilib.

Bənzər yazılar

0.33666896820068