Qudyalçayın üzərindəki körpü bu tarixdə istifadəyə veriləcək

 22-11-2023

Xaçmaz şəhərində, Qudyalçayın üzərində inşa edilən yeni körpü istifadəyə demək olar ki, hazırdır. Artıq yeni körpünün panelləri yerinə qoyulub, üzərinə  beton tökülüb. Hazırda körpünün üzərində hər iki tərəfdə istinad divarları qurulur. Eni 2 metr olan piyada keçidləri də hazırlanır.

Bizim.Media-nın əməkdaşı körpünün üzərində görülən işləri müşahidə edib.

Xaçmaz RİH başçısının müavini Bəxtiyar Osmanovun verdiyi məlumata görə, yeni körpünün uzunluğu 64, eni 12 mertdir:

"Hazırda son tamamlama işləri görülür".

Onun sözlərinə görə, körpü dekabr ayında sürücülərin istifadəsinə veriləcək.

Xatırladaq ki, Qudyalçay üzərindəki körpü bu il sentyabr ayının 15-də uçub.

Körpü uçandan sonra müəyyən söküntü, hazırlıq işləri görülüb və  Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi dərhal yeni körpünün inşasına başlayıb.

Birbaşa agentliyin sədri Saleh Məmmədovun nəzarətində olan yeni körpünün inşası hava şəraitinin normal olması səbəbindən maksimum sürətlə, həm də keyfiyyətlə aparılıb.

Mütəxəssislərin məlumatına görə, yeni körpünün dayaqları əvvəlki körpüdən daha möhkəm və uzunmüddətli  inşa edilib.

İndi Qudyalçayın üzərindəki körpünün dayaqları betondan deyil, dəmirdən qoyulub və içərisi betonla doldurulub.

Bir sözlə, sürücülərin səbrsizliklə gözlədiyi körpü tezliklə istismara veriləcək. 

Azərbaycan-Rusiya sərhədinə gedən sürücülər də  strateji  əhəmiyyətli bu yoldan rahat istifadə edəcək.

 

Bənzər yazılar

0.17372798919678