AAYDA da 2022-ci ilin 6 ayı ərzində aparılmış İSLAHATLAR və yerinə yetirilmiş İŞLƏR - HESABAT

 18-07-2022

2022-ci ilin 6 ayı ərzində idarəetmənin təkmilləşdirilməsi istiqamətində aparılmış islahatlar

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2022-ci ilin iş planına əsasən ölkədə aparılan islahatlara və yeni çağırışlara uyğun hazırlanmış konsepsiya əsasında idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

2022-ci ilin ötən 6 ayı ərzində Agentliyin fəaliyyətinin daha çevik və məqsədyönlü həyata keçirilməsi, yeni informasiya texnologiyaların idarəetməyə tətbiqinin genişləndirilməsi, elektronlaşma sahəsində islahatların aparılması, həmçinin agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin yoxlanılması istiqamətdə görülən işlərə aşagıdakıldır:

Agentlik əməkdaşlarının Attestasiyası

Agentlikdə işçilərin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, peşəkarlıq səviyyəsinin yoxlanılması və ixtisasına müvafiq olaraq onların tutduğu vəzifəyə uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Agentliyin İdarə Heyəti sədrinin 16 dekabr 2021-ci il tarixli 60 nömrəli əmri ilə attestasiya keçirilib.

Attestasiyada Agentliyin Aparatından 141 nəfər, tabeli qurumların nomenklatur işçilərindən 183 nəfər olmaqla yekunda 324 nəfər iştirak edib. Nəticədə mövcud mütəxəssis maaşı baza götürülməklə 19 nəfər kiçik mütəxəssis, 50 nəfər mütəxəssis, 36 nəfər böyük mütəxəssis və 18 nəfər baş mütəxəssis olmaqla vəzifə bölgüsü həyata keçirilməklə müvafiq vəzifələrə uyğun əmək haqqı artırılıb. Bundan başqa, Agentliyin tabeli qurumlarında 2943 nəfər əməkdaş attestasiyada iştirak edib.

Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları

Agentlik ilə əməkdaşların əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin edilməsi məqsədilə Agentliyin İdarə Heyətinin 15 fevral 2022-ci ildə 06 nömrəli qərarı ilə “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Daxili İntizam və Əməkdaşların Etik Davranış Qaydaları” təsdiq edilib.

Vətəndaşların qəbulu

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 29 mart 2022-ci il tarixində Gəncə şəhərində (Gəncə, Samux və Kəlbəcər), 15 aprel 2022-ci ildə Füzuli rayonunda (Füzuli, Beyləqan və Xocavənd), 31 may 2022-ci ildə Zaqatala rayonunda (Zaqatala, Balakən), 17 iyun 2022-ci ildə tarixində isə Naftalan şəhərində (Naftalan, Goranboy və Xocalı) vətəndaş qəbulu keçirilib. .

Qeyd edilən vətəndaş qəbulları zamanı Gəncə şəhərində 17 nəfər, Füzuli rayonunda 21 nəfər, Zaqatala rayonunda 16 nəfər, Naftalan şəfərində 23 nəfər olmaqla yekunda 77 nəfər vətəndaşın müraciəti dinlənilmiş və həlli yolunda İdarə Heyətinin sədri tərəfindən müvafiq tapşırıqlar verilib.

Əlavə olaraq Agentliyə 83 nəfər vətəndaş müraciət etmiş, Agentliyin inzibati binasında rəhbərlik tərəfindən qəbul edilib, müvafiq strukturlar tərəfindən araşdırılmış və aidiyyatı üzrə tapşırıqlar verilib.

Agentlikdə “İşə qəbul qaydaları”

Agentlikdə işə qəbulun müsahibə formasında, şaffaflıq, bərabərlik və qərəzsizlik prinsipləri əsasında həyata keçirilməsi sahəsində nəzarət mexanizminin tətbiqinin genişləndirilməsi ilə bağlı Agentliyin İdarə Heyətinin 25 aprel 2022-ci il tarixli 13 nömrəli qərarına əsasən “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İşə Qəbul Qaydaları” təstiq edilib. Həmin qərara əsasən “İşə qəbul üzrə Müsahibə Komissiyası” yaradılıb və bu günə qədər işə qəbulla bağlı müraciət edənlərdən 5 nəfər müsahibədən müvəffəqiyyətlə keçərək işə qəbul olunub.

Rəqəmsal idarəçiliyin inkişafı

Rəqəmsal idarəçiliyin inkişafı istiqamətində Agentlikdə 25 may 2022-ci il tarixində daxili idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması, o cümlədən effektiv idarəetmənin təmin edilməsi məqsədilə Avtomobil Yolları İnformasiya Sistemi (AYİS) yaradılıb.

26 aprel 2022-ci il tarixli, 23 nömrəli əmr ilə Agentlikdə informasiya ehtiyatlarının qorunması, sistemə kənar müdaxilələrin qarşısının alınması, eləcə də informasiya proseslərinin mühafizəsi, sabitliyi və fasiləsizliyi, kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə edilməsi, bu sahədə təhdidlərin zərərsizləşdirilməsinin həyata keçirilməsi və proqram təminatının təkmilləşdirilməsi ilə bağlı Agentliyin Avtomobil Yolları İnformasiya Sisteminin (AYİS) Təhlükəsizlik Komissiyası yaradılıb. Yaxın gələcəkdə Agentliyin tabeliyində olan MMC-lərin Avtomobil Yolları İnformasiya Sisteminə inteqrasiyası nəzərdə tutulub.

Agentliyin Aparatının Sənədlərlə iş şöbəsindəki kargüzarlıq işləri artıq tam elektronlaşdırılmış şəkildə həyata keçirilir.
Cari ilin 6 ayı ərzində Avtomobil Yoları İnformasiya Sisteminə 11555 sənəd yerləşdirilib. Bunlardan 4921-i Xaric olan sənəd, 920-i Əmr, Sərəncam, Qərar, 518-i Daxili yazışma və 5196-ı Daxil olan sənəd tipinə aiddir.

Hesabat dövründə dövlət və qeyri-dövlət müəssisələri, fiziki şəxslər tərəfindən daxil olan icra sənədləri heç bir gecikmə halı baş vermədən tam və vaxtında icra olunub.

Çağrı mərkəzinin yaradılması

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.10-cu bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Çağrı mərkəzi”nin təsis edilməsi, iş fəaliyyəti sisteminin qurulması və müasir avadanlıqlarla təchiz edilməsinə dair Agentliyin İdarə Heyətinin sədri tərəfindən tapşırıq verilib və “Çağrı mərkəzi”nin tezliklə tam fəaliyyətə başlaması üçün işlər davam etdirilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan layihələr

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində 2021-ci ildə tikintisinə başlanmış 16 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinn Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-parlatma və torpaq işlərinin yerinə yetirilməsi cari ildə də davam etdirilir. Hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan avtomobil yolu layihələrinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub.

2022-ci ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

  • Bərdə-Ağdam avtomobil yolu (44.5 km, 4 hərəkət zolaqlı),
  • Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu (32 km, 2 hərəkət zolaqlı),
  • Füzuli-Hadrut avtomobil yolu (12 km, 4 hərəkət zolaqlı),
  • Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, 2 hərəkət zolaqlı),
  • Qubadlı-Eyvazlı avtomobil yolu (28.5 km, 2 hərəkət zolaqlı).

2023-cü ildə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

  • Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (81.6 km, 4-6 hərəkət zolaqlı),
  • Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70.4 km, 4 hərəkət zolaqlı),
  • Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39.7 km, 4 hərəkət zolaqlı),
  • Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (834.1 km, 2 hərəkət zolaqlı),
  • Qubadlı-Mahmudlu-Yazıdüzü-Ermənistan sərhədi avtomobil yolu (26.4 km, 2 hərəkət zolaqlı) avtomobil yolu,
  • Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri.

2024-2025-ci illərdə başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

  • Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123.9 km, 4-6 hərəkət zolaqlı),
  • Ağdam-Füzuli avtomobil yolu (64.8 km, 4 hərəkət zolaqlı),
  • Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81.6 km, 2-4 hərəkət zolaqlı),
  • Kəlbəcər-Laçın avtomobil yolu (76.3 km, 2-4 hərəkət zolaqlı).

2022-ci ilin 6 ayı ərzində tikilmiş, yenidən qurulmuş və təmir olunmuş yollar

2022-ci ilin 6 ayı ərzində 158.9 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub.

Bura daxildir:

  • Yerli əhəmiyyətli - 90.5 km;
  • Bakı şəhər yolları - 68.4 km.

Hesabat dövründə Goranboy (16 km), Abşeron (3.8 km), Ağstafa (6 km), Saatlı (3 km), Yevlax(5.5 km), Bərdə (8 km), Beyləqan (8 km) və Qazax (19 km) rayonları ərazisində icra edilən 90.5 km uzunluğa malik kəndlərarası avtomobil yolu layihələri başa çatdırılıb.

Bakı şəhərində ümumi uzunluğu 68.4 km uzunluğu olan şəhər və qəsəbədaxili küçə və yolları yenidən qurulub və təmir olunub. Bakı şəhərinin küçə və yollarında 324.2 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri yerinə yetirilib.

Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 3 körpü təmir edilib, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 km-də yeni yerüstü piyada keçidinin tikintisi başa çatdırılıb.

2022-ci ildə yenidən qurulması başa çatdırılacaq və davam edən kəndlərarası avtomobil yolları

2020-2021-ci illərdə tikintisinə və yenidən qurulmasına başlamış Ucar, Qəbələ, Hacıqabul, Goranboy və Daşkəsən rayonları ərazisində yerləşən ümumi uzunluğu 192 km olan, 56.8 min nəfər əhalinin yaşadığı 145 yaşayış məntəqəsinin birləşdirən 5 kəndlərarası layihə, habelə cari ildə ayrılmış vəsait hesabına Abşeron, Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax və Ağstafa ərazisində yerləşən ümumi uzunluğu 56.3 km olan, 58.5 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsinin birləşdirən 7 kəndlərarası avtomobil yolları layihəsi icrası cari ildə başa çatdırılaraq əhalinin istifadəsinə veriləcək.

Bakı şəhəri və onun 12 rayonunda 1 avtomobil yolu və 125 şəhər əhəmiyyətli, habelə qəsəbədaxili yolların əsaslı təmiri işləri də cari ilin sonunadək başa çatdırılacaq.

Yenidən qurulması davam edən kəndlərarası avtomobil yolları

İlkin olaraq ayrılmış vəsait hesabına Neftçala, Cəlilabad, Ağsu, Beyləqan, Xaçmaz, İmişli, Qax, Masallı, Siyəzən və Zaqatala rayonları ərazisində ümumi uzunluğu 290.2 km olan, 153 min nəfər əhalinin yaşadığı 95 yaşayış məntəqəsinin birləşdirən 10 kəndlərarası avtomobil yolları layihələrinin icrası da davam etdirilir. Bundan başqa Neftçala rayonunda uzunluğu 10 km təşkil edən Neftçala -Xol Qaraqaşlı-Şorsulu (7 km)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun yenidən qurulması işlərinə də başlanılıb.

Əvvəlki illərdə icrasına başlanılan və hazırda davam edən yol infrastrukturu layihələri

  • Bu layihələrdən bir-neçəsinin icrası 2022-ci ilin sonunadək yekunlaşdırılacaq:
  • Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi birinci texniki dərəcəli avtomobil yolunun (152 km) tikintisi,
  • M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 53-119-cu km sahəsində, Quba-Bakı istiqamətində deformasiyaya uğramış yol geyiminin yenidən qurulması işləri,
  • M2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin 4 zolağa genişləndirilməsi (130.15 km),
  • Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması (47.2 km),
  • Sumqayıt-Hacı Zeynalabdin Tağıyev qəsəbəsi (14 km) avtomobil yolunun yenidən qurulması,
  • Şamaxı rayonunda uzunluğu 96 km olan şəhər yollarının əsaslı təmiri,
  • Mingəçevir şəhəri ilə Yevlax Pilot Aqroparkını birləşdirəcək 9 km uzunluğa malik avtomobil yolunun tikintisi,
  • Bakı şəhəri, Suraxanı rayonunda uzunluğu 6.8 km olan Zığ-Hövsan avtomobil yolunun tikintisidir.

İcrasının növbəti illərdə yekunlaşdırılması planlaşdırılan layihələr:

  • Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci kilometrlik hissəsinin (3 km) və Astaraçay çayı üzərində körpünün tikintisi,
  • Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində uzunluğu 23.7 km olan “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi,
  • Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (67.6 km) yenidən qurulması və Ağsu çayı ilə kəsişmədə yeni körpü və tunelin tikintisi,
  • Bakı şəhəri, Xətai rayonunda “Ağ şəhər” layihəsi çərçivəsində yolların tikintisi (I mərhələ) və 8 Noyabr prospektində piyada körpüsünün tikintisidir.

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi və ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi

2022-ci ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5408 yol nişanları, 9 073 siqnal dirəkləri, 446 pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş, 876 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.

2022-ci ilin 6 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 278 yol-nəqliyyat hadisəsi baş vermişdir. Bunun nəticəsində 3 906 pm əyrixətli tirlər, 30 ədə beton bardür, 101 pm mühafizə çəpərləri, 10 işıq dirəyi, 13 ədəd yol nişanı, 4 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə, 32 pm körpü məhəccəri yararsız hala düşmüşdür.

Ümumilikdə yol təsərrüfatına 345.08 min manat məbləğində maddi ziyan dəymiş, bundan 218.1 min manatı (6323 %) ödənilmişdir. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə müraciət olunmuş, 3 yol nəqliyyat hadisəsi ilə bağlı məhkəmələrə müraciət olunmuş, 30 yol nəqliyyat hadisəsində səbəbkar məlum olmadığı üçün, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunmuşdur.

Ekologiya və yaşıllaşdırma

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3424 km avtomobil yollarının təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 714 969 ədəd müxtəlif növ ağac və kol bitkisi mövcuddur.

Avtomobil yollarının təhkim zolağında 2020-2021-ci illərdə 258 157 ədəd , 2022-ci ilin 6 ayı ərzində isə 58 637 ədəd, ümumilikdə 528 hektar ərazidə 316 794 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilmişdir.

Agentlik tərəfindən Bakı şəhərində 138.1 hektar yaşıllıq sahəsinə, o cümlədən 17.4 hektar qazon sahəsinə, 132 485 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərilir.

Agentlik tərəfindən 18.82 hektar ərazidə 9 tinglik sahə yaradılıb. İndiyə kimi bu sahələrdə yetişdirilən 274 924 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilmişdir. Hal-hazırda bu tinglik sahələrində 120 979 ədəd ağac və kol bitkisi yetişdirilir.

Bənzər yazılar

0.14335489273071