Ülvi Həsənli və Sevinc Abbasova barəsində həbs qətimkan tədbiri seçildi

 21-11-2023

Bu gün saxlanılan "Abzas Media" saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

APA.az  xəbər verir ki, Xətai rayon məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Sevinc Abbasova barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı ittihamları qəbul etmir, bunun istintaq orqanlarının məqsədli şəkildə “Abzas Media”nın fəaliyyətini dayandırmaq üçün uydurduğu ssenari olduğunu bildirir.

Qeyd edək ki, ötən gün – noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və bu gecə baş redaktoru Sevinc Vaqifqızı Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların evində və mətbuat orqanının ofisdə axtarışlar aparılıb. Ülvi Həsənliyə qarşı da eyni ittihamla cinayət işi açılıb.

Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmin gün ictimai fəal Məhəmməd Kekalovun da mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Vəkili bütün cəhdlərinə baxmayaraq, onun haqda heç bir məlumat almaq mümkün olmadığını deyir.

Bənzər yazılar

0.17591905593872