“Mən torpağımı çox sevirəm, hərbçi olacağam” deyirdi, Vətən yolunda da şəhadətə ucaldı

 09-11-2023

“Hər dəfə cəbhədə gərginlik olanda, maraqlanırdıq, həmişə də “mən olan yer sakitlikdir, narahat olmayın”, deyirdi. Şəhid olduğu döyüşdən öncə də dedi ki, biz tərəf sakitlikdir. Bir neçə saat sonra şəhid olub”.

Kiçik yaşlarından vətənpərvərliyi ilə seçilib, “Hərbçi olacağam” deyib. Yaşı az olduğu üçün yaxınları bunun sadəcə bir uşaqlıq arzusu olduğunu düşünüblər. O isə zamanı gəldiyində - 8-ci sinifdə oxuyanda, hərbi liseydə təhsil almaq istədiyini bildirir. Çox həvəsli olduğu və israr etdiyi üçün ailəsi razılaşır, o, hərbi liseydə təhsilə başlayır və bu istiqamətdə davam edir. Ailəsi, döyüş yoldaşları deyirlər ki, vətənpərvərlik onun canında, qanında, ruhunda idi.

Söhbət bu il Qarabağda gedən lokal antiterror əməliyyatları zamanı Xocavənd istiqamətindəki döyüşlərdə şəhid olan baş leytenant Sahib Daşdəmirovdan gedir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

Qeyd edək ki, Sahib Natiq oğlu Daşdəmirov 6 may 1995-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhəri Alı Mustafayev adına 202 saylı tam orta məktəbdə təhsil almağa başlayıb, 2009-cu ildən təhsilini Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirib. Daha sonra 2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-ci ildə ali təhsilini başa vurduqdan sonra Şəmkirdə “N” saylı hərbi hissədə snayper taqım komandiri vəzifəsində çalışmağa başlayıb. 2017-ci ilin avqustunda isə könüllü olaraq Qazax rayonundakı “N” saylı hərbi hissəyə keçib. 2018-ci ilin mayından 2020-ci ilin may ayınadək Murovda taqım komandiri olub. Daha sonra Gədəbəy rayonunda “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. Bu ilin fevral ayından isə Xocavənd rayonunda “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində çalışıb. Bu il sentyabrın 20-si şəhidlik zirvəsinə yüksəlib. Sahib Daşdəmirov II Fəxri Xiyabanda dəfn olunub.

“Hərbiyə həvəsi ölmədi, əksinə, artdı”

“Kaspi” şəhidin doğmaları ilə həmsöhbət olub. Anası Sahibə Həsənova Sahibin hər zaman ön cəbhədə xidmətə can atmasından söz açıb: “Hərbiyə maraqlı uşaq idi. Uşaq vaxtından deyirdi ki, hərbçi olacağam. Uşaq idi, düşünmürdük ki, hərbini seçəcək. Dedik, yəqin uşaqlıq həvəsidir. 8-ci sinifdə dedi ki, hərbiyə gedəcəyəm. 8-ci sinfi bitirən kimi hərbi liseyə qəbul oldu. Liseyi fərqlənmə ilə bitirdi, sonra ali hərbi təhsil aldı. Gördük, yox, onun bu sahəyə həvəsi ölmədi, əksinə, artdı. Onu bilirəm ki, hərbini seçməyinə bir gün belə peşman olmadı. Həvəslə, istəklə xidmət edirdi, hər zaman ön cəbhədəki yerlərə can atırdı”.

Atası Natiq Daşdəmirovun sözlərinə görə, Sahib ən gərgin döyüşlərdə olanda belə, evdəkilərin narahat olmasını istəməyib: “Hərbçi idi, ön cəbhədə idi, istər-istəməz narahat olurduq. Hər dəfə nəsə cəbhədə gərginlik olanda, maraqlanırdıq, həmişə də “mən olan yer sakitlikdir, narahat olmayın”, - deyirdi. Şəhid olduğu döyüşdən öncə də dedi ki, biz tərəf sakitlikdir. Bir neçə saat sonra şəhid olub. Döyüşün içində idi, amma bizim narahat olmağımızı istəməyib. Belə bir oğul idi. Hər məsələyə belə yanaşırdı”.

“Sahib mənim qürur yerimdir”

Həyat yoldaşı Aytən Daşdəmirova deyir ki, hər zaman həyat yoldaşının hərbçi olması ilə fəxr edib: “Sahib mənə Allah tərəfindən verilən xəzinə idi. Mən çox şanslı xanımam ki, Sahib kimi həyat yoldaşım olub. Sahibin necə həyat yoldaşı olmasını sözlərlə, cümlələrlə ifadə edə bilmərəm. Hərbçi həyat yoldaşı olmaq həm çox qürurverici, həm də çox çətin idi. Deyirlər ki, hərbçi yoldaşı olmaq üçün gərək hərbçidən güclü və dözümlü olasan. Mən də elə olmağa çalışmışam. Həyat yoldaşımla hər zaman qürur duymuşam. Sahib bizim aramızdan ən uca zirvəyə yüksələrək - şəhid olaraq ayrıldı. Necə ki, şəhid olmaq hər kəsə qismət olmur, eləcə də şəhid yoldaşı olmaq hər xanıma qismət olmur. Sahib mənim qürur yerimdir, mən onun adını daim uca tutacağam, yaşadacağam”.

Döyüş yoldaşı Eyvaz Eldarov Sahibi həm yaxşı insan, həm də yaxşı hərbçi kimi tanıdığını bildirdi: “Savadlı zabit idi, işinə çox peşəkar yanaşırdı. Hər addımında, danışığında bunu hiss edərdin. Bölükdə nə isə etmək üçün əlindən gələni edirdi. Eyni zamanda çox gözəl insan idi. Əsgərlərlə də münasibəti yaxşı qurmuşdu. Əsgərlərlə bağlı məsələlərdə çox diqqətli davranırdı. Əsgərin səhvi olanda elə izah edirdi, elə formada başa salırdı ki, bir də səhv etməyə utanırdı”.

“Deyirdi ki, mən torpağımı çox sevirəm”

E.Eldarov deyir ki, Sahibin hərbidə yüksək pillələrə gəlmək arzusu böyük idi: “Xidmətdə fərqlənməyə, nümunəvi olmağa çalışırdı. Əsl hərbçi idi. Hərbçiliyi geyimində yox, canında, qanında idi. Qısa müddət söhbət edən hər kəs ondakı o vətənpərvərliyi hiss edəcəkdi. Dağda, daşda, qarlı yerlərdə xidmət etmişdi, hamısındakı çətinlikləri danışırdı, amma ardınca deyirdi ki, “Mən torpağımı çox sevirəm”. Vətənə, torpağa bağlı bir ruha sahib idi. Daha yuxarı pillələrə qalxmağı arzulayırdı. “Mən hərbidə özümü doğruldacağam, nə olur-olsun hərbidə qalacağam”, - deyirdi”.

Hərbi ilə bağlı arzuları böyük olsa da, cəbhədə gərginlik olduğunda, yaxınları onun üçün narahat olanda deyirmiş: “Hər şey yaxşıdır, narahat olmayın, uzağı Vətən yolunda şəhid olacağıq”. Bəli, o uşaqlıqdan sevdiyi Vətənin torpaqları uğrunda şəhid oldu.

Qeyd edək ki, Sahib Daşdəmirov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Bənzər yazılar

0.16470289230347