Son bir ayda ölkədə un bahalaşıb.
Xəzər TV xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.
Satıcıların sözlərinə görə, kisə unun qiymətində artım çox olmasa da, kiloqramla satışda 15 faizə yaxın fərq var. Amma, hələlik çörəyin qiymətində heç bir dəyişiklik yoxdur.
İqtisadçı-ekspert Rəşad həsənovun sözlərinə görə, unun qiymətindəki artım gözlənilən idi. Bunun da kökündə bir sıra səbəblər yatır. Başlıca səbəblərdən biri Azərbaycanın idxala bağlı ölkə olmasıdır.
Ekspert bildirib ki, hazırda bahalaşma 4 faizə qədərdir. Bunun da çörəyin qiymətinə hər hansı təsiri yoxdur. Qiymət artımının olmaması üçün isə bir sıra addımların atılması vacibdir.
Ekspert həmçinin vurğulayıb ki, unun bahalaşması tendensiyası davam edərsə, çörəyin də qiyməti arta bilər. Hazırki vəziyyətdə isə çörək bahalaşmasa da, unun qiymətindəki artım un məmulatlarının qiymətinə təsirsiz ötüşməyəcək.
Bundan başqa, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, ölkədə 50 kiloqramlıq unun topdan satış qiyməti 1 manata qədər artıb.
Qiymət aralığı 26 manat 50 qəpikdən, 28 manat 50 qəpiyədək dəyişir.
Bahalaşmaya səbəb ölkəyə gətirilən buğdanın qiymətinin artmasıdır. Belə ki, 2023-cü ilin avqustunda idxal olunan bir ton məhsulun qiyməti 209 ABŞ dolları olduğu halda, sentyabrda bu göstərici 13,7 vahid artaraq 238 ABŞ dollarına çatıb.
İqtisadçı Xalid Kərimli isə bildirib ki, unun qiymətinin artması çörəyin qiymətinə təsir göstərməyəcək.