“Gəncə Nəqliyyat” MMC kimə və nəyə xidmət edir?

 10-10-2023

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il oktyabrın 11-də imzaladığı Fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb.

Agentlik Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıb. Ölkə ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili və dövlət sifarişinin formalaşdırılması, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi və bu sahədə nəzarətin həyata keçirməsi, rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunması Agentliyin fəaliyyətinə aiddir.

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi üzərinə düşən öhdəlikləri necə yerinə yetirməsi elə Bakı şəhər sakinlərinə göstərdikləri sərnişindaşıma xidmətindən görsənir. Qeyri müəyyən marşrutlar, saatlarla tıxaclar və saymaqla bitib tükənməyən problemlər. Bu baxımdan bölgələrdə vəziyyət daha açınacaqlıdır. İstər rayonlarda kəndlər arası sərnişindaşımanın, istərsə də rayonlarası sərnişindaşımanın bərbad bir vəziyyətdə olduğunu kimsə inkar bilməz.

Götürək elə respublikamızın ikinci böyük şəhəri olan Gəncəni. Bu gün Gəncə sakinlərinin üzləşdiyi çətinliklərdən biri və bəlkə də birincisi sərnişindaşıma problemidir. Sərnişindaşıma problemi bu şəhərdə daim olub. Dar küçəli qədim şəhərdə avtomobillərin sıxlığı ictimai nəqliyyatın hərəkətinə mane olur. Bu ictimai nəqliyyatdan istifadə edən çoxsaylı şəhər sakinlərinin narahatçılığına və narazılığına gətirib çıxarır.

Sakinlərin sözlərinə görə, avtobuslar qrafiklərə uyğun işləmir, oturacaqlar çirkli və yararsızdır. İctimai nəqliyyat vasitələrinin sürücüləri isə bəzi hallarda sükan arxasında siqaret çəkir, ya da telefonla danışırlar. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi sakinlərin narazılığı ilə bağlı mətbuata bildirib ki, lazımi tədbirlər görülür. Sürücülərə və xətt sahiblərinə xəbərdarlıq edilir. Son aylarda qanunsuz sərnişindaşıma ilə bağlı 100-dən artıq protokol tərtib edilib. İdarədən bildirilib ki, yaxın bir neçə ay ərzində dörd xətt üzrə avtobusların yenilənməsi və marşrutların optimallaşdırılması nəzərdə tutulub. Həmçinin Gəncə şəhəri daxilində bir neçə nəqliyyat qovşağı yaradılacaq.

Gəncədə ictimai nəqliyyatın fəaliyyətinə kim cavabdehdir?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi yoxsa, Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti?

Aktualinfo.org-un apardığı araşdırmalara görə Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Nazirlər Kabinetinin qərarı ilə yaradılmış cəmiyyətin öz vəzifə və funksiyaları var. Cəmiyyət hüquqi şəxsdir, onun müstəqil balansı, banklarda hesablaşma hesabı və digər hesabları var. Cəmiyyətin ayrıca əmlakı var və öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir.

Maraqlıdır Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 cı ildən fəaliyyətə başlamış "Gəncə Nəqliyyat” MMC bu müddət ərzində şəhərdə sərnişin daşınması prosesinə kimləri və hansı mülkiyyət hüququ sahiblərinin cəlb olunmasını təşkil edib? Hazırda Gəncədə sərnişindaşıma ilə məşğul olmaq imkanı əldə etmiş nə qədər hüquqi və fiziki şəxs var? Onların istifadəsində nə qədər avtomobil nəqliyyatı mövcuddur? Onların hər biri "Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Vergi Məcəlləsinə nə dərəcədə riayyət edir? Qanunlara uyğun olaraq avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə fərqlənmə nişanı hansı formada verilməlidir və proses "Gəncə Nəqliyyat” MMC vasitəsi ilə necə həyata keçirilir?

Bütün bunlar geniş ictimaiyyət üçün qaranlıq olaraq qalmaqdadır. Belə ki, "Gəncə Nəqliyyat” MMC yarandığı gündən gizli bir təşkilat kimi fəaliyyət göstərib. MMC-də tez-tez kadr dəyişiklərinin aparılmasının, MMC-nin illik maliyyə hesabatlarının dövrü mətbuat və internet vasitələri ilə ictimaiyyətə açıqlanmamasının səbəbləri bəlli olmadığından bu qənaətə gəlmək olar.

Bu gün Gəncədə sərnişindaşıma qaydalarını pozan, eləcə də marşrut cədvəli üzrə hərəkət etməyən xeyli sayda sürücü calışır. Şəhərin küçə və prospektlərində piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün "Gəncə Nəqliyyat” MMC tərəfindən isə heç bir tədbir görülmür. Şəhərin rayonlararası avtovağzallarında sərnişin daşıyan nəqliyyat vasitələrinin hərəkət cədvəlii qeyri müəyyən haldadır. Şəhərdə fəaliyyət göstərən taksi sürücülərinə fərqlənmə nişanlarının verilməsində də nöqsanlar kifayət qədərdir.

Maraqlıdır Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsi hara baxır? Qurum ölkə başçısının Fərmanına əsasən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və tabeliyindəki müəssisə və regional nəqliyyat məhdud məsuliyyətli cəmiyyətlərinin, eləcə də Sumqayıt və Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarələrinin əsasında yaradılıbsa Gəncə şəhər İcra Hakimiyyətinin tabeliyində 2016 cı ildən fəaliyyətə başlamış "Gəncə Nəqliyyat” MMC fəaliyyətini niyə dayandırmayıb? Dövlət Vergi xidmətinin məlumatlarında Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti 12 saylı Ərazi Vergilər Baş İdarəsində 24.11.2016-cı ildə yaradıldığı göstərilir. MMC-nin 50.00 manat, hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, H.ƏLİYEV MEYDANI, ev İNZİBATİ BİNA, qanuni təmsilçisi isə Əsgərov Elşad Nazim oğludur.

Yəni "Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti hələ də iş başındadı. Şəhərdə isə sərnişindaşıma fəaliyyəti göstərən avtonəqliyyat vasitələrinin şəhərdaxili marşrut avtobus dayanacaqlardan istifadəsinin təşkili demək olar ki, bərbad vəziyyətdədir. Avtobuslar dayanacaqlardan kənarda istənilən yerdə sərnişin götürur və yaxud düşürür ki, bu da sakinlərin narazılığına səbəb olur. Yeni marşrutların açılması prosesi marşrut xəttinə daxil olmaq istəyənlər üçün baha başa gəlir. Paralel marşrutların ləğv edilməsi və mövcud marşrutların bağlanması üzrə olunan təkliflərə isə heç baxılmır və kim necə gəldi marşrut xətti ilə hərəkət edir. Bütün bunların hamısına isə Gəncə şəhər İcra Hakimiyyətində göz yumulur.

"Gəncə Nəqliyyat” MMC-nin keçirdiyi satınalmalar isə bir başqa mövzudur. Yəni başdan -ayağa qanunsuzluqlarla doludu. Qanunla Satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır. İndi gəlin "Gəncə Nəqliyyat” MMC-nin son iki ildə hazırlayaraq təsdiq etdiyi satınalma planlarına nəzər salaq.

Aktualinfo.org-un apardığı araşdırmada 06.08.2020- ci il tarixində dövlət satınalmalarının vahid internet portalında "Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası tərəfindən 2021-ci ilin satınalma planları açıqlanmışdır. Satınalma planlarına E-tendrdə keçirilməsi nəzərdə tutulan 9 kotirovka (e-kotirovka) sorğusu daxil edilmişdir.

Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, tikili və avadanlıqların cari təmir xərcləri, icarə və muzdlu xidmətlər, mühafizə xərcləri, sanitariya gigiyena və s xidmətlər, maşın və avadanlıqlar, avtomobil nəqliyyat vasitələri, sair torpaq və tikililər, nəqliyyat vasitələrinin əsaslı təmiri üzrə satınalma planlarına daxil edilmiş kotirovkalardan yalnız birinin nəticəsi barədə ictimaiyyətə açıqlama verilib.

Icarə xidmətinin satınalıması üzrə fərdi sahibkar -Əliyeva Tamara Çobandar qızı ilə 23.500 manat satınalma müqaviləsi 30.03.2021-ci ildə bağlanılıb.

Göründüyü kimi 2021-il ərzində "Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası satınalma planlarına daxil edilmiş 9 kotirovka sorğusundan yalnız 1 satınalmanın nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında məlumat yerləşdirmişdir. Digər 8 kotirovka sorğusunun keçirilib keçirilməməsi barədə heç bir məlumt yoxdu.

O cümlədən də, "Gəncə Nəqliyyat” MMC-nin Tender Komissiyası tərəfindən 12.06.2021-ci il tarixdə açıqlanmış, 2022-cü il üçün satınalma planlarına daxil edilmiş icarə və muzdlu xidmətlər, yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması, tikili və avadanlıqların cari təmir xərcləri, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, sair torpaq və tikililər, nəqliyyat vasitələrinin əsaslı təmiri kimi satın alınması nəzərdə tutulmuş 7 kotirovka sorğularının nəticələri barədə dövlət satınalmalarının vahid internet portalında ictimaiyyətə qanunla müəyyən olunmuş qaydada heç bir açıqlama verilməmişdir.

Yalnız icarə xidmətinin satınalıması üzrə fərdi sahibkar -Əliyeva Tamara Çobandar qızı ilə 23.500 manat satınalma müqaviləsi 04.02.2022-ci ildə bağlanılıb.

Bütün bu rəsmi və qeyri rəsmi məlumatlardan da göründüyü kimi Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətində özbaşınalıqlar və korrüpsiya əməlləri baş alıb gedir. Bütün bunların başında isə təbii ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov dayanır. Yaradıldığdan üzü bu yana Niyazi Bayramov MMC-yə bir neçə rəhbər təyin edib. MMC-nin fəaliyyətini günün tələbləri səviyyəsində qura bilmirdilərsə İcra başçısı Murad Səttarovu, Anar Kazımovu, Araz Rəfibəylini bu vəzifəyə nə üçün təyin etmişdi. Onlar görünür "Gəncə Nəqliyyat” MMC-nin fəaliyyətini təşkil etməyə deyil, dövlətin ayırdığı milyonları talamaq üçün təyin ediliblərmiş. Onların rəhbərliyi altında Cəmiyyətin maliyyə təsərüfat işlərində ciddi nöqsanlara yol verildiyi bildirilir. Bunun üçün bir audit yoxlaması kifayət edər ki, MMC-nin illik maliyyə hesabatları ciddi şəkildə araşdırılsın.

Umumiyyətlə Respublika Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Gəncə şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Gəncə Nəqliyyat” MMC-nin fəaliyyətindəki bu qədər özbaşınalıqları, qanunsuzluqları görmürlərmi? Bu qurum kimə və nəyə xidmət edir? Niyazi Bayramova yoxsa, dövlətə…

Mənbə: Aktualinfo.org

Bənzər yazılar

0.092396020889282