Sülhməramlıların ölümünə görə işdən çıxarılan korpus komandirinin kimliyi bilindi

 21-09-2023

Ötən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 8 rus hərbçinin ölümünə görə korpus komandirinin işdən çıxarıldığı bildirilir.

Bu barədə Musavat.com məlumat yayıb.

Bildirilir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun (Bərdə Korpusu - red.) komandiri Qiyas Abbasovdur.

Qeyd olunur ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Hadisə zamanı Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandir müavini İvan Kovqanın da həlak olduğu deyilir.

Onu da qeyd edək ki, Baş Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, 20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Tərtər rayonunun Canyataq kəndi ərazisində lokal xarakterli anti-terror tədbirlərində iştirak edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu tərəfindən mürəkkəb relyef və dumanlı-yağışlı hava şəraiti səbəbindən qanunsuz erməni silahlı birləşmələrinə məxsus olduğu zənn edilərək Rusiya Federasiyasının Sülhməramlı Kontingentinin (RSK) həmin əraziyə dislokasiya olunmuş hərbi qulluqçularının olduğu avtomobil odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 5 nəfər hərbi qulluqçusu həlak olub.

Bundan başqa, həmin gün qeyd olunan yaşayış məntəqəsinin ərazisində RSK-ya məxsus Kamaz markalı avtomobil qanunsuz erməni silahlı birləşmələrinin naməlum üzvləri tərəfindən odlu silahlarla atəşə tutulub. Hadisə nəticəsində RSK-nın 1 əsgəri ölüb, 1 nəfər hərbi qulluqçu isə yaralanıb:

“Hər iki faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Bugün Azərbaycan və Rusiyanın baş prokurorları telefonla danışıblar. Hadisə ilə bağlı Rusiya tərəfinə dərin hüznlə başsağlığı verilib. Tərəflər baş vermiş cinayət hadisəsi ilə bağlı hərtərəfli və sıx təmasda olmaqla araşdırmanın aparılacağı barədə razılığa gəliblər. Hazırda cinayət işi üzrə prokurorluq orqanları tərəfindən istintaq və əməliyyat tədbirləri həyata keçirilir”.

Xatırladaq ki, polkovnik Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Vətən müharibəsindən sonra “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın alınması uğrunda” və “Zəngilanın alınması uğrunda” medalları ilə təltif edilib.

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci Korpusa komandir təyin olunub. Daha əvvəl isə 3-cü Ordu Korpusunun komandir müavini vəzifəsində çalışıb.

Bənzər yazılar

0.14220404624939