“Bakı Şəhər Dezinfeksiya Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqələrinin (Açıq tender və kotirovka sorğusu) qalibləri məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Dezinfeksiya Mərkəzinin keçirdiyi tender müsabiqələrinin qalibləri “RIKON-TT” MMC (VÖEN – 1405820151) və “CEŞMƏ-MM” MMC (VÖEN – 1405822961) olub.
Dezinfeksiya Mərkəzi nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin alınması məqsədilə 04.02.2022-ci il tarixində açıq tender elan edib. Tenderin qalibi olan “RIKON-TT” MMC bu elandan 10 gün əvvəl – 24.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 129 min 626 manat 50 qəpik ödəniləcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Asif Məhərrəmov, ev 66. m. 56-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi İbrahimov Siyasət Rasim oğludur.
Dezinfeksiya Mərkəzi mətbəə xidmətləri alınması məqsədilə 08.02.2022-ci il tarixində açıq tender elan edib. Tenderin qalibi olan “CEŞMƏ-MM” MMC bu elandan 13 gün əvvəl – 25.01.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 47 min 995 manat ödəniləcək.
Hüquqi ünvanı Nəsimi rayonu, Sahib Zeynalov, ev 16. m. 9-da yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Xoşbəxt Mirzə oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb.
Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 10 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Onu da bildirək ki, “RIKON-TT” MMC qeydiyyatda olduğu hüquqi ünvanda qısa müddətdə onlarla şirkət qeydiyyata alınıb. Hazırda bu şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcu yaranıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda vətəndaşların etibarından sui-istifadə edərək onların adına şirkətlər qeydiyyatdan keçirən mütəşəkkil cinayətkar şəbəkə barədə məlumat vermişdik.
Mənbə Yeniavaz.com