"Azərsığorta" ASC 2023-cü ilin əvvəlindən etibarən kapital çatışmazlığı ilə fəaliyyətini davam etdirir.
Valyuta.az-ın məlumatına görə, dövlət sığorta şirkəti olan "Azərsığorta" ASC 2022-ci ili 10,5 milyon manat xalis zərərlə başa vurub. Bu isə sığorta şirkətində 7,2 milyon manat kapital çatışmazlığı yaradıb.
Maliyyə bazarlarında sabitliyi təmin edən tənzimləyici qurum Azərbaycan Mərkəzi Bankı (AMB) son dövrlər maliyyə təşkilatlarında kapital məsələsinə həssaslıqla yanaşır. AMB bu ilin may ayında “Günay Bank”ın lisenziyasını ləğv edərkən əsas səbəblərdən biri kimi məhz kapital çatışmazlığını göstərmişdi. Bu isə eyni zamanda “Azərsığorta” şirkətinin fəaliyyətini gündəmə gətirir. Dövlət Vergi Xidmətinin elektron sistemindən sentyabr ayının 1-nə olan çıxarış isə onu göstərir ki, “Azərsığorta” hazırda kapital çatışmazlığı ilə fəaliyyətini davam etdirir.
Başqa sözlə, sığorta şirkətinin sığortalılar qarşısında öhdəliklərinin icrası ilə bağlı risklər yaranıb. Bu isə istehlakçı hüquqlarının pozulmasıdır.