Tullantıların mənzillərdən daşınmasını uşaqlara həvalə etməyin

 25-08-2023

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən həyata keçirilən "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində monitorinqlər zamanı qarşıya maraqlı məqamlar çıxır. 

Tullantı məntəqələrində apardığımız monitorinqlərin nəticəsi onu deyir ki, Yasamal və Səbail rayonlarında əksər ailələr tullantıların toplanış məntəqələrinə daşınmasını uşaqlara həvalə edirlər. Müşahidələr zamanı Səbail rayonunda tullantı məntəqələrinə tullantı gətirənlərin 68 faizi, Yasamal rayonunda isə 76 faizi uşaqlar olduğu müəyyən edilib.

Əlbəttə, bu göstərici bizim təsadüfi seçmə üsulu ilə müşahidə apardığımız tullantı məntəqələrinə aiddir. Amma bu da nəticəyə gəlməyə imkan verir ki, şəhər əhalisinin yarıdan çoxu tullantıların mənzillərdən daşınmasını uşaqlara tapşırır. Bu isə tullantıların toplanmasında və daşınmasında ciddi problemlərə yol açır. 

Artıq bir neçə ildir ki, Bakı şəhərinin bütün rayonlarında tullantıların çeşidlənməsi layihəsi həyata keçirilir. Bunun üçün şəhərin tullantı məntəqələrindən köhnə, metal tullantı qutuları götürülüb, onları tünd yaşıl və sarı rəngli, qapaqlı avrokonteynerlər əvəzləyib.Tünd yaşıl rəngli qutular qarışıq tullantılar, sarı rəngli qutular isə kağız, karton, plastik və metal tullantıların yığılması üçün nəzərdə tutulub. 

Tullantı qutularının qapaqlı olması həm tullantıların küləkli havada ətrafa dağılmaması, həm də yağışlı havada qutuların yağış suları ilə dolmaması üçün nəzərdə tutulub. Birinci növbədə onu qeyd edək ki, tullantıların daşınması uşaqlara həvalə ediləndə əksər hallarda onlar ya tullantını mənzil başına qədər aparmır, ya da tullantı məntəqəsinə çatan kimi orada nəzarətçi yoxdursa, əlindəki torbanı tullantı qutularının ətrafına atmaqla kifayətlənir. Çünki əksər uşaqlar tullantı qutularının qapağını açmağa cəhd göstərsələr də, bunu bacarmırlar. Səbail rayonunun bir sıra məhəllələrindəki çoxmərtəbəli binaların su boruları üçün nəzərdə tutulmuş şaxtalarına məişət tullantıları atıldığının şahidi olduq. 

Bunu bizə həmin binaların ictimai fəal sakinləri göstərdi. Onların sözlərinə görə, bəzi bina girişlərində kamera görüntülərindən aydın olub ki, şaxtalara, pilləkan qəfəslərinə tullantıları məhz uşaqlar atır. Bununla yanaşı, uşaqlar əlindəki tullantını toplanış məntəqələrinə qədər gətirib çatdırsalar da, əksər uşaqlar yeni tullantı qutularının qapaqlarını aça bilmirlər və bu səbəbdən də onlar tullantını ya qutunun ətrafına, ya da qapağı açıq olan ixtiyari qutuya atır. Belə olan halda uşaq da qeyri-ixtiyari olaraq qarışıq tullantını çeşidlənmiş tullantıya qarışdırır. Nəticədə onlarla əziyyət çəkib tullantı çeşidləyən sakinlərin zəhməti zay olur. Bir torba qarışıq tullantı bir qutu çeşidlənmiş xammalı zibilə çevirir. Çünki qarışıq tullantı ilə bulaşmış kağız-karton məmulatı artıq təkrar emala yararsız vəziyyətə düşür. Bu yerdə bir atalar sözü yadıma düşdü:

“Bir naxırın adını bir dana korlayar”. 

Lətifəsi sakinlərdən uzaq olsun, bütün məhəllənin tullantını çeşidləyərək xammala çevirdiyi bir dolu qutunu bir və ya bir neçə qarışıq tullantı tamamilə korlaya bilir. Bu cür məsuliyyətsizliyi bəzi hallarda böyüklər də edir, amma onların əksəriyyəti uşaqlardır. Ona görə də “Liberal İqtisadçılar Mərkəzi” İctimai Birliyi olaraq bütün Bakı şəhər sakinlərini və qonaqları bərk məişət tullantılarını çeşidləməyə, çeşidlənmiş tullantıları təyinatı üzrə qutulara yerləşdirməyə və tullantıların daşınmasını azyaşlı uşaqlara həvalə etməməyə çağırırıq.

Bütün bunlarla yanaşı, valideyinlərə səslənirik ki, uşaqlar arasında tullantıların çeşidlənməsi və daşınması barədə maarifləndirmə işi aparsınlar. Həyata keçirdiyimiz "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində dövlət orqanlarına təklif edəcəyik ki, uşaqların orta məktəblərdə bəri məişət tullantılarının çeşidlənməsi, daşınması və toplanması qaydaları barədə maarifləndirilməsini təşkil etsinlər. 

Mövzunu aşağı sinif şagirdlərinin kitablarına əlavə etmək, bununla bağlı maraqlı hekayələr də salmaq olar. Amma həm də bu məsələ ilə bağlı xüsusi broşurlar da çap edib, dərslik proqramına salmaq mümkündür. Lakin buna qədər valideyin olaraq uşaqlarımızı bu istiqamətdə maarifləndirmək bizim bir vətəndaş borcumuzdur. Ətrafımızı, məhəlləmizi, ən nəhayət, şəhərimizi təmiz və abad görmək istəyiriksə, belə məsələlərə həssas yanaşmalı, vətəndaş həmrəyliyi nümayiş etdirməliyik. 

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində hazırlanmışdır.

Yazida əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Akif Nəsirli

Bənzər yazılar

0.10365986824036