Son illər Azərbaycanda həm ətin qiyməti, həm də idxalı artır. İdxalda artım həm diri heyvanlar, həm də ət şəklində müşahidə olunur. Bununla paralel tez-tez "ətin dadı və keyfiyyəti əvvəlki kimi deyil" şikayətləri də eşidilir. Yeri gəlmişkən, son günlər ölkədə mal ətinin 1 kiloqramının 1-2 manat yenidən bahalaşdığı müşahidə edilir.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana 24.3 min ton ət idxal edilib. İdxal edilən ətin dəyəri 46.9 milyon dollar olub. Ötən ilin eyni dövründə ölkəyə 39.8 milyon dollar dəyərində 23.5 min ton ət gətirildiyi açıqlanmışdı.
Diri heyvanlara gəlincə, bu ilin yeddi ayında ölkəyə 51 milyon 224 min dollarlıq diri heyvan idxalı reallaşıb. Ötən ilin eyni dövründə bu rəqəm 29 milyon 420 min dollar təşkil etmişdi. Yəni, ötən illə müqayisədə artım 74.1 faiz çoxdur.
Şikayətlərlə bağlı, hələlik, rəsmi qurumların münasibətini öyrənmək mümkün olmayıb. Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, yerli istehsal daxili tələbatı ödəmək üçün kifayət etmir:
"Əvvəllər də ət xaricdən idxal olunurdu. İndi isə idxal daha da artıb və bununla əlaqədar ətin qiymətində də artım var".
Deputatın sözlərinə görə, inflyasiya da ölkəyə idxal olunur:
"Ona görə də daha çox yerli istehsala fikir vermək, sahibkarlara güzəştli kreditlərin verilməsini artırmaq lazımdır. İşğaldan azad olunmuş ərazilərdə heyvandarlıqla məşğul olmaq mümkündür və artıq müəyyən insanlar da məşğuldurlar. Bu ərazilərdə heyvandarlıq inkişaf etsə, bu, ətin idxalından da bizi azad edəcək".
Keyfiyyətə gəlincə, V.Əhmədov qeyd edib ki, ölkəyə gətirilən ət ekspertizadan, yoxlamadan keçir və sertifikasiya olunur:
"Amma gəlin etiraf edək ki, Azərbaycanda istehsal olunan ətin keyfiyyəti ölkəyə gətirilən ətin keyfiyyətindən daha yüksəkdir. Yerli ətin keyfiyyəti çox yüksəkdir, amma xaricdən idxal olunan ətin onun qədər dadı və keyfiyyəti yoxdur".
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda ətin bahalaşmasının heç bir iqtisadi əsası yoxdur:
"Rəsmi statistikaya baxsaq, Azərbaycanda ət istehsalında 3 faizə qədər artım göstərilir. Ölkəyə ətin idxalında keçən ilə nisbətən artım var. Digər tərəfdən, ölkəyə kəsim üçün gətirilən diri heyvanların dəyərində 74 faiz artım var. Bu isə o deməkdir ki, çəkidə də o qədər artım müşahidə olunur. Lakin dünya bazarlarında ətin qiymətində artım yoxdur".
2022-ci ildə ən çox ətin Ukraynadan idxal olunduğunu vurğulayan iqtisadçının sözlərinə görə, ölkəyə ət dondurulmuş formada gətirilir:
"İdxal olunan ətin növləri fərqlidir. Orada həm mal əti, həm qoyun əti var. Bunların əksəriyyətinin keyfiyyəti standartlara uyğundur. Gətirilən ət, əsasən, ictimai-iaşə obyektlərində istifadə olunur".
Bəs Azərbaycanda mal ətinin qiyməti hansı həddə qədər arta bilər?
"Report.az" mövzunu "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynovla müzakirə edib.
Onun sözlərinə görə, ətin bahalaşmasının kökündə təkcə Rusiya-Ukrayna müharibəsi dayanmır və qiyməti artımına rəvac verən xeyli sayda amil var.
"1-ci səbəb odur ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə pambıq əkinini stumullaşdıran siyasət yürüdür. Son nəticədə heyvandarlıq üçün vacib örüş yerləri (otlaqlar) pambıq əkini sahələrinə çevrilir. Yəni, insanlar mal-qara saxlamaqdan imtina edir və pambıq əkininə keçirlər. Bu da heyvanların sayını azaldır, təbii olaraq qiymət artımına səbəb olur.
2-ci səbəb odur ki, son 3 ildə heyvan yemləri təxminən 80 % bahalaşıb. Bu da ətin qiymətinə təsirini göstərir.
3-cü səbəb odur ki, fərdi təsərrüfatlarda yetişdirilən heyvanların bazara çıxarılıb satılması demək olar ki, mümkün deyil. Bazarda söz sahibi alverçilərdir. Onların ət biznesi ilə sıx əlaqələri var və heyvan sahiblərinə malı birbaşa satmağa imkan vermirlər. Özü də alverçilər demək olar ki, qeyri-qanuni fəaliyyət göstərir, vergi ödəmir, özlərinə sərf edən qiyməti ətin üzərinə qoyur və bununla da bahalaşmaya stimul verir.
4-cü səbəb odur ki heyvandarlıq sektoru getdikcə meqafermaların əlində cəmləşir. Onların yem və su resurslarına əlçatanlığı yüksək səviyyədədir, bu resursları elə mənimsəyiblər ki, fərdi təsərrüfatları asanlıqla sıxışdıra, kartel sövdələşmələrinə gedə və bazarda qiymətləri diktə edə bilirlər", - deyə E.Hüseynov qeyd edib.
Bundan başqa, ekspert deyir ki, turizm mövsümü ilə əlaqədar Azərbaycanın regionlarında ətə tələbat artıb, odur ki, məhsul Bakıya gəlib-çatanda qiyməti istər-istəməz yüksək olur: "Kənd təsərrüfatı mütəxəssisləri qeyd edirlər ki, ətə tələbat sabitdir, dəyişməyib. Onların regionlardakı istirahət mərkəzlərindən heç xəbərləri yoxdur. Mən dünən Şimal zonasından gəlmişəm, gələn həftə Cənub zonasına gedəcəyəm. Regionlarda istirahət mərkəzlərində kifayət qədər yerli və xarici turist var. Hər yerdə tələb təklifi üstələyir. Son nəticədə xeyli sayda heyvan kəsimi baş verir. Bu da göstərir ki, ətə böyük tələbat var və əlbəttə ki, qiymətin artmasına gətirib-çıxarır. Mənim proqnozum budur ki, yaxın aylarda qiymət aşağı düşməyəcək".
E.Hüseynovun fikrincə, ət bazarında ucuzlaşmaya nail olmaq üçün Qida Təhlükəsizliyi Agentliyi öz siyasətini dəyişməlidir: "Əslində mal əti 20 növə bölünməlidir, heyvanın müxtəlif yerləri müxtəlif qiymətlərə satılmalıdır. Lakin Azərbaycanda yuvarlaqlaşdırıb istehlakçıya sərf etməyən qiymətə satırlar. Bu sahədə dəyişiklik olmasa qiymət arta-arta gedəcək və nə vaxtsa ətin kiloqramını 20 manata belə almağa məcbur olacağıq. Buna heç kəs təsir edə bilməz. Çünki bazar tələb və təklif nəticəsində formalaşır. Qida Təhlükəsizliyi Agentliyinin mərkəzləşdirilmiş ət kəsimi məntəqələrində xidmət haqları yüksəkdir. Qəssablar bundan narazılıq edir. Düşünürəm ki, rüsumlar aşağı salınmalıdır. Çünki onlar da qiymətin üzərinə əlavə olunur".