Müdafiə Nazirliyi və Baş Prokurorluqdan XƏBƏRDARLIQ

 13-03-2022

Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır.

Bu barədə MillətinSəsi.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.

Bundan başqa, Müdafiə Nazirliyi də sosial şəbəkələrdə yayılan videolarla bağlı media subyektləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. 

Müdafiə Nazirliyindən  bildirilib ki, video və fotolar Vətən müharibəsi zamanı və əvvəllər keçirilmiş müxtəlif təlimlərdə qeydə alınan köhnə görüntülərdir: "Hazırda Azərbaycan Ordusunun heç bir yerdəyişməsi və hərəkəti həyata keçirilmir.

Bu mövzuda aparılan müzakirələr ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.

Sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırırıq", - nazirlikdən bildirilib.

Bənzər yazılar

0.14646792411804