“Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Agentlik qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Belə ki, “Volt Azərbaycan” MMC-yə məxsus qida məhsullarının çatdırılması (daşınması) müəssisəsində aparılmış planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktları aşkarlanıb.
Müəssisənin ”Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa zidd olaraq qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyən olunub.
Aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar “Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub. Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.
Göstərilənlərə əsasən, AQTA insanların həyat və sağlamlığının qorunması, istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərini qidaların daşınmasını və istehlakçılara çatdırılmasını yalnız qeydiyyatdan keçmiş və temperatur rejimi təmin olunan avadanlıqlara (nəqliyyat vasitələrinə) malik, qida ilə təmasda olan şəxsləri tibbi müayinədən keçmiş qida subyektləri tərəfindən həyata keçirilməsini təmin etməyə çağırıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi saytlarda və sosial şəbəkələrdə “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Agentlikdən qeyd olunub ki, AQTA-nın rəsmi olaraq yaydığı məlumatda da bildirildiyi kimi, burada qərar qida məhsullarının çatdırılması (daşınması) zamanı aşkarlanmış nöqsanlarla əlaqədar konkret istiqamətləri əhatə edir.
Agentlik bildirir ki, məhdudiyyət yoxlama zamanı konkret olaraq aşkar olunmuş qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmaması, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydalarının pozulması, nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmaması, tələblərə cavab verməyən termo çantalarla həyata keçirilməsi, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməməsi kimi istiqamətlərini əhatə edir.
Bildiririk ki, ümumiyyətlə, qida zəncirinin bütün mərhələlərində qanunvericiliyin tələblərinə əməl olunmalıdır.
Havaların anormal keçməsi bu məsələni daha da aktuallaşdırır.
Belə ki, xüsusilə isti yay aylarında qida məhsullarının daşınması, saxlanması ilə bağlı hər hansı bir qanunvericiliyin tələblərinin pozulması insan sağlamlığına ciddi fəsadlar yarada bilər.
Agentlik bu istiqamətdə fəaliyyətini davam etdirəcək və nəzarət tədbirlərini daha da genişləndirəcəkdir.