Nümunəvi nəşr ermənilərə "satıldı" - Nüfuzunu yerlə bir edən məqalə...

 13-08-2023

İllər əvvəl "Washington Post"un adı həmin nəşrdə dərc olunan məqalənin həqiqət olmasına inanmağa kifayət edirdi. Jurnalistika sahəsində təhsili olan şəxsdən tutmuş, gündəmdən xəbərdar olmaq üçün mətbuatı izləyən sadə vətəndaşa qədər hər kəsin nəzərində "Washington Post" barədə düşüncələr tam fərqliydi.

Bu nəşrin adı bəzi təhsil ocaqlarında nümunə kimi çəkilirdi, orada dərc olunan yazılardan faktlar kimi istifadə olunurdu. Bu nəşrdə çıxan xəbərlərə qarşı inam tam idi, nəşrin nüfuzuna görə kimsə onun yalan məlumatlar dərc edəcəyini ağlından belə keçirmirdi. Ta ki, son zamanlar nəşrdə Azərbaycanla bağlı çıxan yazılara qədər.

Avqust ayının 11-də erməni ruporu, 73 yaşlı amerikalı jurnalist, 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər etmiş Devid İqnatius "Washington Post"da "Cənubi Qafqazda humanitar fəlakət yaşanır" başlıqlı məqalə yazıb. O yazısında bildirib ki, guya Qarabağ erməniləri blokada şəraitində qalıblar, onlar ərzaqla, dərmanla, yanacaqla təmin oluna bilmirlər, acından və xəstəlikdən ölürlər. Hətta, müəllifin iddiasına görə Qarabağ erməniləri Azərbaycan tərəfinin təklif etdiyi yardımın "tələ" olmasından qorxurlar. Ermənipərəst yazar iddia edir ki, guya Qarabağ erməniləri "blokada" şəraitinə görə təcili tibbi yardım maşınlarına tökməyə benzin tapmırlar.

Ermənilərin yalanları, iddiaları, hər şeydən şou yaratmaları, olmayan şeyləri varmış kimi təqdim etmələri, xülyalar ilə yaşadıqları illərdir bizə yad deyil. Məsələmiz də bu deyil, problem onların yalanlarının belə bir qəzetdə, amerikalı jurnalistlər tərəfindən yanlış tərzdə təqdim olunması, həqiqətlərin gizlədilməsi, dəqiq olmayan məlumatların yayılması, bitərəf mövqe nümayiş etdirilməsidir.

Bu qərəzli məqalənin sifariş və ya xahiş əsasında hazırlandığı aydın məsələdir. Yazının "erməni iztirabları"na fokuslanılması, məqalədə Ermənistan rəsmilərinin tezislərində keçən açar sözlərdən istifadə edilməsi də bunu deməyə əsas verir.

Ruben Vardanyanın yaxın dostu, hətta onun fondu tərəfindən mükafatlandırılan İqnatusun belə bir qərəzli yazısını qəzetin öz guşələrində yayımlanmasına göz yumması məşhur jurnalist Bob Vudvardın "Demokratiya qaranlıqda ölür" şüarı ilə təqdim olunan, 47 mükafat alan "Washington Post"un məsuliyyətsizliyini və Azərbaycana qarşı qərəzli münasibətini, bu media qurumunun sifariş yerinə yetirməsini, kimlərinsə əlində alətə çevrilməsini göstərir.

Dünyada Ukrayna, Afrikadakı hadisələr kimi aktual mövzular olduğu halda "Washington Post" kimi bir qəzetin son 6 gündə Azərbaycana 3 məqalə həsr etməsi onun fəaliyyətinə və bundan sonra dərc olunacaq məqalələrinə qarşı şübhə doğurur. Ermənilərin tezislərinə uyğun hazırlanan məqalələri qəzetlərində rahat şəkildə dərc etmələri onlar üçün pulun dürüstlükdən, ədalətdən daha vacib olduğunu ortaya qoyur.(milli.az)

 

Bənzər yazılar

0.39943814277649