Banklar niyə kənd təsərrüfatına maliyyə ayırmağa risk etmir?

 10-08-2023

"Hazırda kənd təsərrüfatının maliyyələşdirilməsində bir neçə istiqamət üzrə problem var".

Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli kənd təsərrüfatı sahəsinin üzləşdiyi maliyyə problemləri haqqında danışarkən deyib. 

Akif Nəsirli deyir ki, kənd təsərrüfatının maliyyələşdirilməsində kredit verilməsi problemi var:

“Kredit verilərkən zəmanət tələb olunur. Bu zəmanəti də həmişə ehtiyatla götürürlər. Məsələn, rayon yerindəki mülkləri zəmanət kimi götürmürlər. Yəni kənd təsərrüfatı sahəsi sığorta üçün hazırda riskli sahədir. Son illər sel, daşqın və s. hallarının baş verməsi də sığorta risklərini bir qədər artırır. Elə buna görə də həm maliyyələşmədə çətinlik yaranır, kənd təsərrüfatına kreditin verilməsi halları azalır”. 

Akif Nəsirli deyir ki, hazırda kənd təsərrüfatının sığortalanması prosesi ləngiyir, bu da digər problemlərə yol açır: 

“Sığortalanmanın ləngiməsi, zəif aparılması həm də bankların kredit verilməsinə dolayısı ilə təsir edir. Sığortasız təsərrüfatlara kreditin verilməsində çətinliklər yaradırlar. Yəni müxtəlif bəhanələrlə banklar kredit vermir. Bu problemləri aradan qaldırmaqdan, bu riskləri önləməkdən ötrü birinci növbədə kənd təsərrüfatına verilən subsidiyaların formasını dəyişdirmək, daha səmərəli metodlardan istifadə etmək lazımdır. İkincisi torpaqların həm sahiblərinə, həm də icarəyə götürmüş fermerlərin bu addımlarının əqdlər formasında sənədləşdirilməsini asanlaşdırmaq lazımdır. Məsələn, kimsə torpağı ya dövlətdən, ya sahibkardan icarəyə götürür, bunun sənədləşdirilməsində çətinliklər yaranır”.

İqtisadçı qeyd edir ki, subsidiyaların özünün də verilmə qaydaları dəyişdirilməlidir:

“Yenə əvvəlki kimi subsidiyalar torpaq sahibinə gedir, lakin icarədara subsidiya verilmir. Bu da müəyyən problemlər yaradır. Hökumət tərəfindən Aqrar Sığorta Fondu yaradıldı. Həmin fond vasitəsilə sığortalanan kənd təsərrüfatı subyektləri heyvanları hamısı, yəni 50 faizlə sığortalanır. Tutaq ki, bir hektar torpaq sahəsinin sığortalanması üçün 10 manat vətəndaş ödəyir, 10 manat da dövlət ödəyir. Yəni illik sığorta qiyməti 20 manatdır.

Bu da dövlətin dəstəyidir ki, sığortalanmış kənd təsərrüfatı subyektlərinin sayı, həcmi artsın. Amma bununla belə, məsələn, Aqrar Sığorta Fondu hələ cəmi 400000 hektar ərazinin sığortalanmasına nail olub. Azərbaycanda bu təxminən əkinəyararlı sahələrin 20 faizni təşkil edir. Heyvandarlıqda, arıçılıqda, digər sahələrdə bu faiz dərəcəsi bir qədər də aşağıdır, təxminən 5-10 faiz arasında dəyişir. Yəni sığortalanma problemlərdən biridir”. 

Akif Nəsirlinin sözlərinə görə, bu problemlərin hamısını Azərbaycan hökuməti aradan qaldırmaq üçün addımlar atmalıdır:

“Maliyyələşdirmədə çətinliyin yaradılmasında sənədləşmə başqa bir problemdir. Digər sığorta şirkətlərini də stimullaşdırmaq gərəkdir. Kənd təsərrüfatı sığortası seqmentinin sığorta bazarında formalaşması üçün daha çox stimullaşdırıcı addımlar atılmalıdır. Yəni sığortanın yarısının dövlət hesabına ödənilməsi bu bir qaydadır. Dünyada digər stimullaşdırıcı metodlar da var. Onlardan da kənd təsərrüfatında istifadə edilməlidir. Yəni bu problemlərin aradan qaldırılması kənd təsərrüfatının inkişafına və həm də onun maliyyələşdirilməsindəki problemləri aradan qaldırmağa kömək edə bilər”.

Bənzər yazılar

0.11010789871216