Mövzu ilə bağlı, hələlik, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə ayrılıqda danışmaq mümkün olmayıb. Amma Milli Məclisin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna deyib ki, bununla bağlı qanunverici orqanda da məsələ qaldırılıb.
Vahid Əhmədov sayğacların yoxlanılmasının təchizatçı deyil, müstəqil təşkilat tərəfindən həyata keçirilməsini doğru qərar sayır.
“Sayğacların yoxlanılmasını, testdən keçirilməsini Metrologiya İnstitutu həyata keçirirdi. Tamamilə ona verilməsi əhalidə şikayətlərin qarşısını ala bilər. Guya, müdaxilərin olduğu deyilirdi. Amma Metrologiya İnstitutunda sayğaclar yoxlanılır, qeydiyyatdan keçirilir və möhür vurulduqdan sonra şübhə qalmayacaq. Metrologiya İnstitutunun əsas məqsədi də cihazların normal fəaliyyətidir”.
Vahid Əhmədov düşünür ki, müəyyən qədər şəffaflıq olacaq.
“Çünki Metrologiya İnstitutu ciddi məsuliyyət daşıyır, cihazı yoxlayandan sonra sertifikatları bu qurum verəcək. Kifayət qədər metrologiya sahəsilə tanışlığım olduğundan Metrologiya İnstitutunda öz işinə ciddi yanaşan mütəxəssislərin olduğunu bilirəm”.
“Problemin sistemdə, yoxsa hansısa qurumda olmasına gəlincə”, deputat bu suala cavab verməyin çətin olduğunu bildirib: “Sonuncu möhürü onlar vuracaq”.
“Ümumiyyətlə, sayğacların istehsal olunduğu müəssisələr var ki, orda da problemlər mümkündür. Yaxud quraşdırılması ilə əlaqədar təşkilatlardan da problemlər qaynaqlana bilər. Elə bir zəncirvari prosesdir ki, müəyyənləşdirmək çox çətindir. Amma Metrologiya İnstitutu müəyyən edəcək, çünki sonuncu möhürü onlar vuracaq”.
İqtisadçı Məmməd Talıblı isə hesab edir ki, əslində, bir qurum tərkibində bir, iki təşkilatın varlığı və onlardan birinin icraçı, digərinin nəzarətçi qurum olması özlüyündə maraqlar konfliktinə gətirib çıxarır.
“Yaxşı olar ki, həmin qurumlar vahid loqo altında fəaliyyət göstərən təşkilat vahidləri olmasın. Təsəvvür edin ki, Maliyyə Nazirliyi həm dövlət büdcə xərcləmələrini həyata keçirən fiskal qurumdur, digər tərəfdən isə onun aidiyyatı agentliklərindən biri büdcə üzərində maliyyə təftişçiliyini, nəzarəti həyata keçirən qurumlardır.”
Onun fikrincə, halbuki, büdcənin şəffaf və hesabatlı olması Hesablama Palatası ilə Maliyyə Nazirliyi arasında hər hansı bir bağlılığın olmamasından qaynaqlanmalıdır:
“Onlar arasında maraqlar konfliktinə səbəb olan hansı hallar vardısa, bundan qaçmalıdırlar. İnstitusional mexanizmlər onu əngəlləməlidir”.
İqtisadçı bildirib ki, şəffaflığa nail olmağın ən universal üsullarından birincisi maraqlar münaqişəsinə səbəb olan instutsional mexanimzlərdən qaçmaqdır.
“Azərbaycanda isə əksinə mənzərədir. Dövlətin idarəetmə qurumları maraqlar münasişəsinə səbəb olan vəziyyət yaradırlar. Məsələn, SOCAR-da Müşahidə Şurasının üzvləri həm də başqa qurumlarda da var, Vergilər və İqtisadiyyat nazirliklərinin müavinləri şuranın üzvləridir. Bunlar SOCAR-ın idarəetməsində məsul şəxslərdir.”
İqtisadçı hesab edir ki, amma vətəndaş cəmiyyətindən, media təmsilçilərindən Müşahidə Şurasının üzvü olardısa, daha obyektiv, şəffaf qərar vermə mexanizminə malik olarlar:
“Yox, hansısa iqtisadi xətti qurumların nümayəndələri başqa nazirliyin təmsilçisi olursa, loru dildə desək, “özləri doğub,özləri də göbəyin kəsmək” kimi bir şeydir. Bu olduqca mühüm amildir”.