“Bu mövzuya iki yöndən yanaşmaq mümkündür. Bir tərəfdən rəsmi mövqedən, digər tərəfdən də reallıqdan. Çünki hökumətin rəsmi mövqeyi reallıqdan xeyli fərqlənir”.
Bu sözləri Valyuta.az-a Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli “Azərbaycanda bir ailənin yaşayışı üçün minimum nə qədər vəsait lazımdır” sualına cavab verərkən deyib.
Akif Nəsirli bildirib ki, Azərbaycada bu məbləğ adambaşına təxminən 200 manatdır:
“Ölkədə rəsmən minimum ehtiyat səbəti əmək qabiliyyətli əhali, həm pensiyaçılar, həm də uşaqlar üçün müəyyənləşdirilib. Bunları orta hesabla götürsək, adambaşına təxminən 200 manat düşür. Orta statistik Azərbaycan ailəsi həmişə dörd nəfərdən ibarət götürülür, iki nəfər ər-arvad, iki uşaq. Belə olan halda ailənin bir aylıq yaşayışı üçün rəsmi mövqedən təxminən 800 manata ehtiyac duyulur. Amma dörd nəfərlik ailənin 800 manata yaşaması hazırda mümkün deyil. Ən azı bu iki dəfə çox olmalıdır”.
İqtisadçı deyir ki, bu gün orta statistik Azərbaycan ailəsinin minimum ehtiyaclarının ödənilməsi üçün təxminən 1600-1700 manat vəsaitə ehtiyac var: “Burda genişləndirilmiş tələbatdan yox, minimum tələbatdan söhbət gedir”.
Akif Nəsirli bildirib ki, hökumət də bir vətəndaşın 200 manata dolanacağına inanmır: “Mən hökumət rəsmiləri ilə bu məzmunda söhbət eləmişəm. Onlar belə izah edirlər ki, ölkədə kölgə iqtisadiyyatı var. İnsanların böyük əksəriyyəti gizli iqtisadiyyat hesabına dolanır, onların gəlirlərini qeydə almaq mümkün deyil. Ona görə də biz yalnız qeydə alına bilən hissəni nəzərə alaraq, bu cür yaşayış minimumlarını əsaslandırırıq. Yəni əslində ən azı Azərbaycanda elan olunan yaşayış minimumu reallıqdan 50 faiz fərqlidir”.
Onu da bildirək ki, son vaxtlar dükan-bazarda tez-tez bahalaşma ilə rastlaşırıq. Qiymətlər artdıqca, təbii olaraq, aylıq xərclər də çoxalır. Bu xərclər də maaş, təqaüd hesabına ödənir. Bahalaşma əslində, öyrəşdiyimiz standartları da dəyişir. 3 il öncəki xərclərlə indikilər eyni deyil.
Hazırda bazarda 50 kq-lıq unun qiyməti 45-50 manatdır. Bir adam üçün illik təxmini, 2,5 kisə un lazımdır. Qiymət baxımdan hazırda bunu 50 manatdan götürsək, 137 manat pul edir. Yəni, unun kilosu 1 manata düşür. Bazarda çörəyin qiymətinə baxsaq və uyğunluq aparsaq, 380 qramlıq çörək 60 qəpiyə satılır. Beləliklə, istehlak səbəti ilə müəyyən etmək olar ki, bir adamın tək çörəyinə gündəlik azı 60 qəpik lazımdır. Bu, əmək qabiliyyətli şəxs üçündür. Burada pensiyaçılar və uşaqlar üçün norma daha aşağıdır. Üstəlik, qoyulan minimum təkcə çörək üçün deyil, bütün un məhsullarına aid edilib.
Hesab etsək ki, orta hesabla 1 ayda 30-31 gün var. Deməli, bir insan bir ay ərzində yalnız çörəyə 15 manat 20 qəpik pul xərcləməlidir. Səbətdə əmək qabiliyyətli əhali üçün kartof illik 54.80 kq nəzərdə tutulub. Bir günlük norma təxmini 150 qramdır. Bu qiymətlə aylıq 4 kq 560 qr kartofu hesablasaq, kartofun qiyməti hazırda 80 qəpikdirsə, ona çəkilən xərc aylıq 3 manat 65 qəpik edir.
Marketlərdə ən ucuz günəbaxan yağının 1 litri 5 manat 10 qəpikdir. Nazirlər Kabineti normasında əmək qabiliyyətli əhali üçün bitki yağı, marqarin və digər piylər 10.9 kq qeyd olunub. Bu səbətə görə, bir adama ayda 0.912 kq yağ lazımdır. İndiki qiymətlə, 5 manat 10 qəpikdən hesablasaq və 1 ay kartof qızartması ilə çörək yesək, aya 24 manat vəsait lazımdır.
Reallıq onu göstərir ki, hazırda minimum əməkhaqqı bazar qiymətlərindən azı 3 dəfə aşağıdır. Bir əməkqabiliyyətli şəxsin yaşaması üçün azı 900 manat vəsait lazımdır.