Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan “Azertexnolayn” MMC barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmaması) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
485.1-ci maddədə fiziki şəxslərin iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslərin yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslərin isə iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
“Azertexnolayn” MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir. “Azertexnolayn” MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir.