Azərbaycanda bir neçə şirkətə rəhbərlik edən sahibkarın ölkədən çıxışı məhdudlaşdırılıb.
Qaynarinfo.az-ın əldə etdiyi məlumata görə, bir neçə şirkətin qanuni təmsilçisi olan Rzayev Eldəniz Ağababa oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə külli miqdarda vergi borcu yaranıb.
Məlum olub ki, Eldəniz Rzayevin qanuni təmsilçisi və direktoru olduğu "OTNA Company” MMC-nin 16599 manat, "RADON TN” MMC-nin 13887 manat, "SEANAR RM Corp" MMC-nin 24734 manat dövlətə vergi borcu var.
Həmçinin sahibkarın Dövlət Sosial Müdafiə Fonduna olan 650,27 manat, işsizlikdən sığorta fonduna olan 26,02 manat, İcbari Tibbi Sığorta Fonduna olan 103,94 manat məbləğində borcu qeydə alınıb.
Borc ödənilmədiyindən müvafiq qurum tərəfindən məhkəməyə müraciət edilib.
Məhkəmənin qərarı ilə, Eldəniz Rzayevin ölkədən getmək hüququ dövlət büdcəsinə borcu tam ödənilənədək müvəqqəti məhdudlaşdırılıb.