Azərbaycanda 2 şirkətin vəzifəli şəxslərinə cinayət işi açılıb.
Bu barədə MillətinSəsi.info-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın Baş Prokurorluğuna əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri və ƏƏSMN Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə araşdırmalar aparılmışdır.
Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəalliyət göstərən “SRS Group” və «D.Fruits Kəndli Təsərrüfatı» MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunmuşdur.
Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilmişdir.
Eyni zamanda, aşkar edilmiş inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilmişdir.