Azərbaycanın Ukraynadakı səfiri İrpenə gedib

 21-07-2023

Azərbaycan nümayəndə heyəti Ukraynanın İrpen şəhərində səfərdədir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, səfərin məqsədi Londonda keçirilən Ukraynanın Bərpası Konfransında Azərbaycanın elan etdiyi bərpa layihələrində iştirakı ilə bağlı dəyərləndirici işlərin aparılmasıdır.

Nümayəndə heyətində Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Cahangir Məmmədrzayev, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun zəlzələyədavamlı bina və qurğular laboratoriyasının müdiri Rövşən Rzayev və Mənzil İnşaatı Dövlət Agentliyi “MİDA” MMC-nin mühəndis sistemləri və kommunikasiyalar, “Yol və nəqliyyat qurğularının tikintisi” üzrə aparıcı mütəxəssisi Elşən Bağırov və Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev təmsil olunur.

İrpenə səfər edən heyət Azərbaycanın bu şəhərdə həyata keçirəcəyi infrastruktur layihələrinin ilkin qiymətləndirilməsini həyata keçirəcək.

Nümayəndə heyəti əvvəlcə akademik Zərifə Əliyeva adına İrpen Şəhər Dostluq Parkını ziyarət edib, abidənin önünə gül dəstələri düzüb.

Azərbaycan rəsmiləri həmçinin Kiyev Şurasının İrpen Şəhər Şurasının Zərifə Əliyeva adına İrpen “Лінгвіст” (“Dilçi”) Humanitar Liseyini ziyarət edib. Bu təhsil müəssisəsinə hərbi əməliyyatlar nəticəsində xeyli ziyan dəyib.

Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın xeyriyyə yardımı sayəsində liseyin dam örtüyü və pəncərələri dəyişdirilib, sinif otaqlarında cari təmir işləri aparılıb, istilik sistemi yenilənib. Hazırda SOCAR-ın vəsaiti ilə lisey binasının fasadının izolyasiyası işləri davam etdirilir, həmçinin sığınacağın təmiri də nəzərdə tutulub.

Nümayəndə heyəti gün ərzində İrpen Tibb Mərkəzinə, hərbi əməliyyatlar nəticəsində binası tamamilə yanan Mərkəzi Mədəniyyət Evinə, İncəsənət Mərkəzinin tikilməsi planlaşdırılan əraziyə, hərbi əməliyyatlar nəticəsində binasının bir hissəsi tamamilə dağılmış İrpen Uşaq-Gənclər İdman Məktəbinə, Gostomelske şossesi, 3 küçəsindəki yaşayış binasının yenidən qurulacağı sahəyə baş çəkəcək.

Onlar eyni zamanda, İrpen Şəhər Şurasının binasında şəhər rəhbəri ilə görüşəcək.

Bənzər yazılar

0.31829714775085