“PAŞA Bank” ASC-nin İdarə Heyətinə sədr təyin edilib.
MillətinSəsi.info xəbər verir ki, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 2022-ci il iyunun 9-dan etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, C. Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.
C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, “British Bank of the Middle East” bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini (“HSBC Group”-un Təlim İdarəetməsi Kolleci) bitirib.
2003-cü ildə C. Quliyev “Unibank”ın İdarə Heyətinin müşaviri, 2004-cü ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
2005-2012-ci illər arasındakı dövrdə o, “Bank Standard”ın İdarə Heyəti sədrinin birinci müavini olub.
2012-ci ildə C. Quliyev “Capital Resources Advisors” şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin edilib.
2014-cü ildə o, “PAŞA Holdinq” şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.
C. Quliyev “PAŞA Bank”da öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.
22 fevral 2016-cı ildə C. Quliyev “PAŞA Bank”ın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 1 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya İnzibatçısı vəzifəsinə təyin edilib.
Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin Sədrinin səlahiyyətlərini icra edən şəxs kimi aprel ayının 12-də təyin edilib.
Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 9 iyun 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.