“Oğlumu oynayan uşaqlardan biri dənizdə batırdı” - “Moşu” “Bəxt üzüyü”nün kadrarxası haqda...

 20-07-2023

“Biz bu sənətə gələndə nə maaş, nə ailə fikirləşirdik. Deyirdik ki, bircə sənətdə arzu etdiyimiz rolları oynayaq. Mən o rollarla, obrazlarla sənətə gəlmişəm. Çox rollar var idi ki, mənə onları oynamaq qismət olmayıb. Çünki xarici görünüşümlə həmin obrazlar düz gəlməyib. Mən axı xarici görünüşcə “Hamlet”, “Otello” deyiləm. Amma arzularım onlar olub. Kaş Allah məni elə sifətdə yaradaydı ki, o rolları oynaya biləydim. Rejissorlar mənə baxan kimi deyərdilər ki, bu obraz Valehindir. Onlar mənə qismət olmayıb. Sənətə gələndə elə bilirdim ki, Cəfər Cabbarlının əsərləri ilə tanınacağam. Onların heç birində oynamamışam”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, tanınmış aktyor Valeh Kərimov deyib.

“Moşu” obrazı məni dala atdı, sənətimi kölgədə qoydu. Kino sahəsində, əlbəttə ki. “Bəxt üzüyü” filmindən sonra teatrda dramatik obrazlar oynamışam. Amma filmə gedəndə rejissorlar deyiblər ki, sifət “Moşu”nundur da. Onunla da mənim film həyatım bitib. “Bəxt üzüyü” filminin çəkiliş meydançası o qədər gülməli və maraqlı idi ki... Amma buna baxmayaraq təhlükələrdən də yan keçmədi. Oradakı uşaqlardan biri Afaq Bəşirqızının öz oğlu idi. Orada iki qardaş da var idi. Fasilə vermişdilər, baş qarışmışdı, o uşaqlardan biri gedib girmişdi dənizə. Bir də gördük ki, haray-qışqırıq qopdu. Tez gedib uşağı boğulmaqdan xilas etdilər”, - deyə sənətkar bildirib.

Valeh Kərimov yenidən Afaq Bəşirqızı ilə səhnəni bölüşmək istəyindən də danışıb.

“Bizim yaradıcılığımız hər zaman bir-birimizə bağlı olub. Bir-birimizi hər zaman yaxşı mənada başa düşmüşük. Həmişə arzulayıram ki, nə olardı ki, bizi bir dəfə yenidən tamaşada Afaq xanımla bir araya gətirərdilər. Şəxsən mənə o tamaşanın heç pulu da lazım deyil. Bu, teatr üçün böyük bir faciə deyil. Bir-birimizlə yeni tamaşalar yaradaq, yeni işlərlə gündəmə gələk. Əlbəttə ki, belə bir təklif olarsa, şəxsən mən beşəlli razılaşaram” - deyə Xalq artisti bildirib.

Sənətkar bəzi hərəkətləri qüruruna sığışdırmadığını bildirib.

“Heç vaxt qapı döyməmişəm. Döymüşəm bir dəfə, ikinci dəfə yadına salmışam. Mən bunu edə bilmirəm. Edənlərə də pis baxmıram, qınamıram”, - deyə aktyor bildirib.

Valeh Kərimov həyat yoldaşının ölümündən də danışıb:

“Həyat yoldaşımın ölümünü təbii qarşıladım. Uzun zaman ağır xəstə oldu. Bəlkə də, övladlarım hazır deyildilər, amma mən hazır idim. Qardaşlarım da cavan yaşlarında rəhmətə gediblər. Artıq təcrübəm var idi. Bilirdim ki, yoldaşım bu xəstəliklə bir-iki ay yaşaya bilər. İkinci dəfə evlənmədim, bunu özümə sığışdırmadım. Mənim aləmimdə kişi bir dəfə evlənər”.

Bənzər yazılar

0.18884611129761