Rusiya Federasiyası Dövlət Dumasının 69 yaşlı deputatı Sergey Mironov ətrafında qalmaqal yaranıb. Belə ki, bu gün deputatın “Hyundai Genesis” markalı xidməti avtomobili piyada keçidindən keçən şəxsi vurub.
Müşahidə kameralarına düşən görüntülərə əsasən, xüsusi siqnalları olan avtomobil tıxacdan yayınmağa çalışıb və bu zaman elektrik velosipedlə keçidi keşən kuryeri vurub.
Hadisə şahidləri zərərçəkənə yardım göstərib, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlib. Ayağından xəsarət alan kuryer xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobilin sürücüsü zərərçəkənə kömək etməyə belə cəhd etməyib. Amma toqquşmadan dərhal sonra o, siqnal işığını və avtomobilin nömrələrini çıxarıb.
Qəza zamanı Sergey Mironov avtomobildə sərnişin oturacağında olub. Amma portfelini də götürərək cəld maşını tərk edib və piyada şəkildə hadisə yerindən uzaqlaşıb.
Bir neçə saat sonra millət vəkili qəza baş verən zaman həqiqətən də “Genesis”də olduğunu təsdiqləyib.
“Sürücü və ya kuryer günahkardır, bunu yol polisi müəyyən edəcək. Mən maşında həmişə sənədlərlə işlədiyim üçün toqquşma hadisəsini görmədim. Bu baş verən kimi sürücü maşından düşüb, velosipedçinin sağ olduğunu, ayağının isə yaralandığını gördü. Bu barədə mənə məlumat verəndə təcili yardım və yol polisini çağırmağı xahiş etdim. Hər ikisinin gəlişini gözləyirdik”, - deyə o şərh edib.
Qeyd edək ki, Mironov Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır.
Mənbə: “Ekspress Qazeta”