Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Orucov Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin birinci müavini təyin edilib.
MillətinSəsi.info Mərkəzi Bankın sədrinin yeni birinci müavini Rəşad Orucovun tərcümeyi-halını təqdim edir:
R.Orucov 1978-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb. 2000-2004-cü illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı vəzifəsində işləyib. 2004-2006-cı illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin İT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.
2006-2008-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 2008-2011-ci illərdə Milli Bankın Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində işləyib. 2011-ci ilin iyun ayından Mərkəzi Bankın Baş direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Milli Məclisin 31 may 2022-ci il tarixli, 544-VIQR №-li qərarına əsasən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.