Türkiyəli jurnalist Naxçıvan aeroportundan yazdı: "Həbsxanaya bənzəyir" - Video

 06-07-2023

Türkiyəli jurnalist Cabbar Şıktaş Naxçıvan Hava Limanında yaşadığı problemlərlə bağlı sosial şəbəkə hesabında yazıb.

Yeniavaz.com xəbər verir ki, o, bu gün – iyulun 6-da saat 5 radələrində yazdığı statusda pilotun təyyarəni uçurmaqdan imtina etdiyini iddia edib.

“Bu gecə bizim vaxtla 23:45-də (Bakı vaxtı ilə 00:45) Naxçıvandan Bakıya getmək üçün Naxçıvan Hava Limanında təyyarəyə mindim. Təyyarədə boş yerlər olduğundan bir saata yaxın avtobus doldurulurmuş kimi gözlədik və yeni sərnişinlərin gəlişini izlədik.

Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan gələn sərnişinlər bu vəziyyətə etiraz etdilər. Sərnişinlərin etirazını görən pilot anons verərək “Təyyarəni uçurtmayacağam, təyyarədən enib evə gedin” dedi və saatlarla təyyarədə gözləməli olduq.

Nə səlahiyyətli şəxs var, nə vətəndaşa açıqlama verən var, nə danışa biləcəyimiz rəsmi şəxs var, körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxıldı.

Hazırda hava limanının gözləmə zalındayıq. Nə gələn var, nə də gedən”.


Cabbar Şıktaş

“Yaşıl İğdır” qəzetinin əməkdaşı Naxçıvan Hava Limanını həbsxanaya bənzədib:

““Banan respublikası” olsaydı, insanlıq adına kimsə gələrdi, heç olmasa ehtiyacı olanlara kömək edərdi, ya da deyərdi ki, filan vaxta qədər bu problemi həll etmək olar, gedin o vaxt gələrsiniz.

Naxçıvana çox yazığım gəldi. Naxçıvan nə vaxtsa inkişaf edəcəkmi? Bu qədər adama bilet yoxdur deyib, satışı çətinləşdirib, sonra da üç-beş manatlıq “şirinlik”ə görə işgəncə vermək olarmı?

1992-ci ildə əskiklik var idi, imkan yox idi, saatlarla bu limanda gözləsəm də, “of” deməzdim. Amma indi hər şey var, lakin heç kim yoxdur.
Hazırda körpələrin əhatəsindəyəm. Kreslolarda yatırlar. Etiraz və qışqırıq səsləri eşidilir. Amma bu çarəsiz insanlara açıqlama verəcək heç kim yoxdur.

Daha doğrusu, buradakı insanlar insan sayılmır. Əlac yoxdur, səhəri gözləyəcəyik. Çöldə havanın işıqlaşıb-işıqlaşmadığını bilmirəm.
İndi bura həbsxanaya bənzəyir. “Allah qapınızı açsın” deməkdən başqa yol yoxdur”.

O hava limanından kadrlar da yayıb.

Bənzər yazılar

0.19056487083435