Maşınını yandıran qazi bu addımı Qaradağ icra hakimiyyətinin özbaşınalığına etiraz olaraq atıb

 17-06-2023

Qaradağ Rayon İcra Hakimiyyətinin önündə qazi Elnur Səmədovun ona verilən avtomobili yandırdığını əks etdirən görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Gənc qazilər" ictimai birliyinin sədri Hacı Vəliyev feysbuk səhifəsində paylaşım edib.

Bildirilir ki, o, bu addımı icra hakimiyyətinin özbaşınalığına etiraz olaraq atıb.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etdik. İcra hakimiyyətindən bildirildi ki, müvafiq orqanlar tərəfindən araşdırılma gedir:

"Qaradağ rayonu Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 12, mənzil 40 ünvanında  qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili, 30.10.1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ rayonu Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 9 ünvanında yerləşən Qaradağ Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus  “Khzar Azsamand” markalı 77-BE-990  dövlət nömrə nişanlı avtomobilini yandırmışdır.

Tələbləri ondan ibarətdir ki,səhhəti ilə əlaqədar Türkiyə Respublikasında müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin yaxşılaşdırılması olmuşdur.

Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanmışdır və 1-qrup əlillik təyin olunmuşdur. Əlillik təyin olunduqdan sonra Dövlət tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ əlilləri üçün təyin olunmuş müavinət və prezdent  təaqüdü ödənilir.27.08.2021-ci il tarixində maşın,12.11.2021-ci il tarixində iki otaqlı mənzillə təmin edilmişdir.Yaşat fondu tərəfindən müalicələri həyata keçirilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılmış və müraciətlərinin həlli üçün müvafiq  köməkliklər göstərilmişdir."

Qazi Elnur Səmədovun hansı müraciətindən sonra belə hadisə yaşandığını öyrənmək üçün verdiyimiz suala isə qurumdan cavab ala bilmədik. 

Rəsmi qurumlar Qaradağ rayon İcra Hakimiyyətinin qarşısında şəxsi maşınını yandıran Vətən müharibəsi qazisi Elnur Səmədova ayrılan sosial müdafiə tədbirləri ilə bağlı məlumat yayıblar.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Səmədova 2021-ci ilin mart ayında müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (II qrup) əlillik təyin edilib.

Bununla bağlı E.Səmədova aylıq təqaüd (500 manat), aylıq pensiya (746 manat), qulluğa görə ailə üzvlərinə aylıq təqaüd (100 manat) ödəməklə, ümumilikdə ona 1346 manat aylıq sosial ödəniş edilir.Həmçinin, ailəsinə son bir ildə ayda 479 manat olmaqla ünvanlı sosial yardım verilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 manat) ilə təmin edilib.

2021-ci ilin avqust ayında E.Səmədov avtomobillə, noyabr ayında isə ikiotaqlı evlə təmin olunub.

Ötən dövrdə E.Səmədov özünüməşğulluq proqramına da cəlb edilib və proqram çərçivəsində avtotəmizləmə xidməti üzrə kiçik biznesini yaratması üçün zəruri avadanlıqlarla təmin edilib.

Qeyd edək ki, YAŞAT Fondu tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması (evin təmiri) üçün 2021-ci ilin yanvar ayında 5000 manat maddi yardım edilib.2021-ci ilin iyulunda israilli həkim heyəti tərəfindən Bakıda müayinə və müalicəsi həyata keçirilib.2022-ci ilin yanvar ayında 1680 manat dəyərində, 2023-cü ilin aprel ayında 5716 manat dəyərində müalicə xərcləri qarşılanıb.

Bənzər yazılar

0.38708305358887