Direktor: Polisə məlumat verilib, tərəflər şikayətçi deyil
“Uşaq həmin məktəbdə dərslərə başlayan gündən bir qrup şagird tərəfindən sıxışdırılırmış. Dərsarası fasilələrdə məktəb binasının dəhlizində, həyətində sataşıb, söz atırlarmış… Uşaq evdə bunu heç kimə deməyib. Martın 5-də yenə söz atıblar, sonra da tökülüşüb uşağı o qədər döyüblər ki, qaşına beş tikiş qoyulub”.
Abbas Məmmədov Meydan TV-yə danışır ki, yaxın qohumu, onun himayəsində olan H.M martın 5-də təhsil aldığı Sumqayıtdakı 7 saylı məktəbin digər şagirdləri tərəfindən döyülüb.
“Vurub qaşını yarıblar”
Onun sözlərinə görə, H.M bu il fevralın 21-də Sumqayıtdakı liseylərin birindən Corat qəsəbəsindəki 7 saylı orta məktəbə yerdəyişmə yoluyla köçürülüb. Məktəbdə təhsilə başlayan gündən həmin məktəbin bir qrup şagirdi tərəfindən qısnamayla üzləşib:
“Uşağın atası dünyasını dəyişib, mən əmisiyəm. Neçə gün imiş ki, məktəbdə başqa şagirdlər bizim uşağa göz verib, işıq vermirmiş. Bizim uşaqsa bu barədə evdəkilərə bildirməyib. Məktəbdə isə az qala direktordan tutmuş qapıçıya qədər hamı bunu bilirmiş. Uşağın döyülməyini də bilirlər, çünki vurub qaşını yarıblar.
Direktor uşağın babasını çağırıb, aparıb xəstəxanada tikiş qoydurublar. Ancaq məktəbin direktoru tədbir görməyib. Deyirik, Təhsil Nazirliyinə şikayət edəcəyik, deyir, əliniz hara çatır, gedin, şikayət edin”.
Valdieyn polisə müraciət edib
Döyülən şagirdin ailə üzvləri martın 8-də DİN 102 Xidmətinə məlumat veriblər. Şagird valdieyni ilə birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə dəvət olunub.
Abbas Məmmədovun sözlərinə görə, şagirdi döyənlərdən birinin anası həmin məktəbdə müəllimə işləyir.
Döyülən şagird özü də danışıb:
“İki həftədir o məktəbə gedirəm, elə gedən gündən o uşaqlar məni “qaralayıblar”. Hər dəfə bir bəhanə tapıb söz atırlar. Mənimlə söyüşlə danışdılar, mən də cavablarını verdim. Biri üstümə cumub məni boğmağa başladı, o birilər də tökülüşüb döydülər”.
Direktor: “Təqsir döyüləndə olub”
7 saylı məktəbin direktoru Təranə Haqverdiyeva Meydan TV-yə bildirib ki, martın 5-də dərslərarası tənəffüsdə 9-cu sinifdə oxuyan S.Ş. və H.M arasında münaqişə olub. Sinif yoldaşları onları ayırıb, H yıxılıb, qaşı yaralanıb. Ona məktəbdə ilkin tibbi yardım göstərilib. Məktəbə gələn anası və babası onun xəstəxanaya aparılmasına razı olmayıblar və özləri aparacaqlarını bildiriblər. Məktəbin kamerasında həmin hadisəyə baxış keçirilib və hər iki tərəfin valideyni məktəbə dəvət olunub. Hadisəylə bağlı polisə də məlumat verilib, polis işçiləri məktəbin müşahidə kamerasına baxış keçiriblər:
“Şagird özü də etiraf edib ki, hadisəyə səbəb onun nalayiq söyüşlər söyməsi olub. Məlum olub ki, H ilə S hələ ilyarım əvvəl öz məhəllələrində dalaşıblar, bu uşaqların arasında o vaxtdan münaqişə varmış. H-in valideyni onun səhvini anladığına görə şikayətçi olmayıb. Hadisədən sonra S.Ş-nin atası Məmmədovların evinə gedib, onun vəziyyətiylə maraqlanıb, baş verənlərdən məyusluğunu bildirib. Uşağın babası narahatlığa əsas olmadığını və şikayətçi olmadıqlarını deyib. Sonrakı 3 gün ərzində də uşağın anası Nigar xanımla əlaqə saxlamışıq, oğlununvəziyyətinin yaxşı olduğunu bildirib”.
Direktorun sözlərinə görə, martın 8-də H-in əmisi Abbas Məmmədov ona zəng vurub:
“Mənimlə olduqca kobud danışdı, mən ondan məktəbə gəlməsini, birlikdə müşahidə kamerasına baxış keçirməyimizi, məsələni bir daha birlikdə aydınlaşdırmağımızı təklif etsəm də razılaşmadı, “uşağı ekspertizaya aparacam, başınıza oyun açacağam”,- dedi. Bir daha bildirirəm ki, kamera görüntülərində də aydın görünür ki, münaqişəni başlayan H.M olub və yıxılaraq qaşı yaralanıb. Bu, kamera görüntülərində də aydın görünür”.
Sumqayıt Şəhər Polis İdarəsinin 1 saylı polis bölməsindən Meydan TV-yə bildirilib ki, şagirdin izahatı alınıb, məktəbdəki müşahidə kamerasına baxış keçirilib. Martın 9-da şagird ekspertizadan keçib, araşdırma davam edir.
Mənbə Meydan TV