İqtisadçı-ekspert Natiq Cəfərli: "Sərhədləri bağlı saxla, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə"

 09-06-2023

"AZAL haqqında çox danışmışıq, çox müzakirə aparmışıq, hətta Prezident də AZAL-dan publik şikayət edib, amma heç nə dəyişmir, büdcədən dotasiya da alır, təyyarəni də dövlət alır, qiymətləri də kəllə-çarxa qaldırsa da, rəsmən mənfəətlə işləmir".

Bunu sosial şəbəkə hesabında iqtisadçı-ekspert Natiq Cəfərli yazıb.

"Mən hər şeyi anlaya bilərəm, amma bəzi məsələlər var ki, insanı axmaq yerinə qoyanda daxili əsəb keçirir. Hər bir mal və xidmət kimi təyyarə biletlərinin qiymət formalaşması üçün öz hesablama qaydası və məntiqi var: Uçuş məsafəsi, sərf edilən avia-kerasin, qəbul edən hava limanının tarifləri, uçuş zamanı göstərilən xidmətlər, təlabat və s. – bütün bunlar qiyməti formalaşdıran amillərdir. Amma ən əsası uçuş məsafəsi və yanacaq sərfidir – çünki, təyyarə ekipajı eyni, maaşlar eyni, çəkilən xərc eyni olur.

Eyni günlərdə, məsələn, 23 iyun - 29 iyun tarixlərində Tbilisiyə bilet axtarırsan, normal uçuş qrafikində və cəmi 10 kq baqajla 617 manata (gediş-dönüş) bilet var, eyni tarixdə eyni 10 kq baqajla Bakı-Aktau biletinin qiyməti isə 234 manatdır (gediş-dönüş). Bakıdan Aktauya hava yolu məsafəsi 380 km, Bakıdan Tbilisiyə hava yolu məsafəsi isə 448 km-dir – hava yolu məsafələri arasında cəmi 68 km məsafə var, yəni, bu da fərq yoxdur anlamına gəlir", - Cəfərli bildirib.

Ekspert qeyd edib ki, cəmi 68 km məsafəyə görə bilet qiymətində fərq 2,5 dəfəyə yaxındır:

"Qiymətlər arasında fərq 383 manatdır! Yəni, Tbilisiyə 1 nəfərlik bilet qiymətinə Aktauya 2 bilet almaq olar, hələ bir 150 manat da cibində pul qalar ki, bu vəsaitlə də 2-3 gün Aktauda yemək-içməyinin dəyərini də ödəyə bilərsən.

Xub, indi kimsə AZAL-dan deyə bilər ki, Tbilisiyə təlabat çoxdur deyə qiyməti də yüksəkdir, bu o zaman keçərli arqument olardı ki, həmin istiqamətə AZAL-BUTA-dan başqa 2-3 ayrı şirkət də uçardı, tələb qarşılanar, qiymətlər də düşərdi. Sərhədləri bağlı saxla, bazara başqa oyunçu buraxma, qiymətləri özün yüksək təyin elə, sonra hələ bir ziyanla da işlə - olmur belə, vallah olmur, insan özünü təhqir olunmuş sayır... "

Bənzər yazılar

0.13171792030334