Şuşadakı aksiyanın bəzi iştirakçıları Prezident Administrasiyasının qarşısında etiraz ediblər - Video

 27-05-2023

Ötən gün bir qrup ictimai fəal, QHT təmsilçisi Prezident Administrasiyasının qarşısında toplaşıb.

 "Reaksiya TV"yə istinadən bildiririk ki, etiraz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsinin nəticələri ilə bağlı olub.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" QHT-nin sədri Radə Abbas bildirib ki, onlar PA-nın qarşısına pula görə gəlməyiblər:

"15 min manatlıq kiçik bir qrant layihəsi vermişik. İndi hardansa ağıllı adamlar çıxıb deyir ki, layihələr bəsitdir. Siz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi olaraq hansı çox dəyərli layihəni ortaya qoydunuz, hansı yenilik yaratdınız? Bəlkə biri harasa gəzməyə gedir, bəlkə hansısa tədbir keçirir, onu dövlətin ayırdığı pulla eləsin, mənim layihəmin puluna heç kim toxuna bilməz. Məsələ pulda deyil. Məsələ QHT-lərə olunan hörmətsizliklərdən gedir. Dövlətin pulu konkret olaraq havaya gedir. Dövlətlə mənim arama inciklik salmaq istəyən insanların məqsədi nədir?"

Etiraz edənlərin arasında Şuşada keçirilən aksiyalarda iştirak edənlər də var. Onlar da qrantlarının kəsildiyini bildirirlər.

 
Onu da qeyd edək ki, Agentlikdən qrant ala bilməyən çoxsaylı QHT təmsilçiləri sosial şəbəkələrdə ittihamlar səsləndirib.

Vətəndaş cəmiyyəti təmsilçilərindən biri olan Cəsarət Hüseynzadə yazır ki, aidiyyatı qurumlar Müşahidə Şurasının bəzi üzvlərinin ətrafındakı QHT-ləri araşdırmalıdır.

O, həmçinin bunları deyib: “QHT Agentliyi telefonla foto və video çəkənlərə yaxşı pul ayırır.
Bundan sonra biz də o yolu gedərik”.

Aydın Xan Əbilov adlı QHT rəhbəri isə Agentlik rəhbərliyini sərt ittiham edib: “QHT Agentliyinə dəxli olmayanlar, kimlərinsə tanışı, məmur olaraq səhlənkarlığına görə işdən çıxarılanlar, QHT Agentliyinin rəhbərliyinə – icraçı direktor gətiriləndən sonra isə, durum biabırçı vəziyyətə düşdü.

İndi hər kəs bunu bilir, amma şikayət edəsi yerlərimiz yoxdur: SSRİ-ni pisləyənlər, onda yenə bilirdin harasa şikayət edəndə bir nəticəsi var, indi isə şikayətlər elə adamın özünün üstünə və şikayət subyektinin rəhbərinə göndərilir, sonu isə ya mühacirət, ya da…

Müsabiqənin nəticələri dəhşətlidir, bir neçə ər-arvadın sədri olduğu QHT-yə toplam 40 min büdcə pulunu kimlər bağışlayır?"

Bənzər yazılar

0.4438738822937