Azərbaycanda saxta düyülər satılır?

 26-05-2023

Ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb.

Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının 15-dən həyata keçirilən monitorinqlər çərçivəsində ticarət şəbəkələrindən, ümumilikdə 25 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub. 4-ü yerli, 21-i idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.

Agentlik bəyan edir ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır. Son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003-Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.

Qeyd edək ki, mütəxəssislər əsl düyülərin ağappaq qar kimi yox, bir qədər tünd, sarımtıl-boz olduğunu bildirirlər. Düyülər hamısı sanki dəzgahdan çıxmış kimi eyni ölçüdə deyil, fərqli boyda, ölçüdə olmalıdır. Biri xırda, biri orta boylu, yan yörəsi əyri-üyrü şəkildə olan düyülər əsl düyü hesab olunur. Əsl düyünün ətri də gözəldir.

Düyünün saxta olub-olmadığını yoxlamağın daha bir üsulu: Bir qaba bir neçə ədəd düyü qoyub üzərinə su əlavə edirsən, bir neçə gün keçir, əgər düyü cücərdisə, deməli, saxta deyil, yox, əgər cücərməyibsə, deməli, saxtadır.

Bənzər yazılar

0.12909698486328