Bəzi xarici ölkələrdə avtobus və digər sərnişin nəqliyyat vasitələrinin mühafizəsi üçün maraqlı elan yerləşdirilib. Elanda göstərilir ki, ictimai nəqliyyata ziyan vuran şəxslərlə bağlı nəqliyyat vasitəsinin sahibinə və ya digər məsul işçiyə məlumat verən şəxs mükafatlandırılır.
Daşıyıcı sahibkar həmin şəxsə 100 avro mükafat müəyyən edib. Yəni əgər avtobus və digər sərnişin nəqliyyat vasitəsinə bilərəkdən zərər vurursa, bunu həmin nəqliyyat vasitəsində olan sərnişin görüb aidiyyəti şəxsə məlumat verirsə, həmin adam 100 avro mükafat alır.
Bu təcrübənin Azərbaycanda tətbiqi mümkündürmü? Azərbaycanda ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən qurumlar və sahibkarlar bu barədə hansısa addım atmağı planlaşdırırmı?
Məsələ ilə bağlı Bakıda ən böyük daşıyıcı olan “Xaliq Faiqoğlu” şirkətindən “Trend”ə bildirilib ki, adıçəkilən qurumun bu addımı atmasına ehtiyac duyulmur:
“Bizdə marşrutlarda fəaliyyət göstərən avtobusların hamısı tamamilə kameralaşdırılıb, hər hansı şəxsin nəqliyyat vasitəsinə qəsdən ziyan vurması müəyyən edilərsə, görüntülərlə həmin şəxs müəyyən edilir və hüquq-mühafizə orqanlarına müraciət edilir”.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən isə bildiriblər ki, metropoliten belə şəxsi inzibati məsuliyyətə cəlb etmir:
“Bu səbəbdən, əgər belə hallar olarsa, müvafiq qaydada araşdırma aparılması ilə bağlı aidiyyəti qurumlara müraciət olunur. Sanitar-gigiyenik normalara əməl olunması istisna edilməklə, bu kimi hallara metropolitendə çox nadir hallarda rast gəlinir”.