Şəki rayon Qudula kənd orta məktəbində 27 nəfər zəhərlənib

 23-05-2023

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edilib ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib. 27 (20 qadın, 7 kişi) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilir.

Bundan əlavə Şəkidə qeydə alınan hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə də məlumat daxil olub. Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən isə bildirilib ki, Şəki rayonu, Qudula kənd tam orta məktəbində 27 nəfər şəxsin - 24 şagird və 3 müəllimin zəhərlənməsi faktı üzrə Şəki rayon prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb. Hazırda araşdırma davam etdirilir.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 4 nəfərə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Bundan başqa, Şəki rayon Qudula kənd orta məktəbinin şagird və əməkdaşları arasında allergiya halları qeydə alınıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin açıqlamasında bildirilib:

“Narahatlıq keçirmiş bütün şagirdlər və işçi heyət təcili olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Bununla bağlı olaraq Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşları xəstəxanada uşaqlara baş çəkmiş və prosesi davamlı olaraq müşahidədə saxlamaqdadırlar. Qeyd olunan şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir. İlkin araşdırmalara görə allergiyaya məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olub. Belə ki, 23 may tarixində hava tempraturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq hadisəni yaratdığı ehtimal edilir”, - deyə qeyd olunub.

Bənzər yazılar

0.46826791763306