Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı odlu silahla güllələndi: 1 nəfər saxlanıldı

 22-05-2023

Ölkənin su hövzələrində balıq ovuna tətbiq edilən moratoriumla bağlı qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafaçay su anbarında balıq ovu üçün istifadə olunan sintetik torlar müəyyən edilib və torlar yığışdırılan zaman Xidmətin əməkdaşlarına qarşı odlu silahdan atəş açılıb.

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, atəş sahildən naməlum şəxs tərəfindən açılıb və nəticədə qayığa ziyan dəyib, idarənin baş mütəxəssisi Yaşar Məmmədov isə xəsarət alıb: “Odlu silahdan atəş edən şəxsin tapılması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Qazax Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanılıb və Qazax rayonunda 2 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşının odlu silah vasitəsilə xəsarət alınması ilə bağlı müraciətlə əlaqədar araşdırmalar davam etdirilir.

Faktla bağlı rayon sakini F. Mustafayev saxlanılaraq rayon polis şöbəsinə gətirilib və izahatı alınıb.

Hazırda araşdırmalar Rayon Prokurorluğunda davam etdirilir.

Bildirilib ki, faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Fərman Mustafayev saxlanılıb və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam edir.

Bənzər yazılar

0.38527798652649