Yararsız əşyalardan sənət əsərinə - FOTO/VİDEO

 21-05-2023

Hazırda tullantıların düzgün idarə olunması ilə bağlı yaradıcı yanaşmalar tətbiq etməklə ətraf mühitin mühafizəsinə diqqət çəkmək geniş yayılmış təcrübələrdəndir. “Atma-Yarat-Sat” sosial layihəsi bu məqsədə xidmət edir.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində iştirak edərək sağlamlığını itirən və digər kateqoriyadan əlilliyi olan yaradıcı insanların cəlb olunduğu layihə çərçivəsində yararsız hesab edilən əşyalardan düzəldilən əl işlərinin nümayişi, eləcə də satışı təşkil olunub.

“Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərxalça” ASC, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası və Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin dəstəyi ilə ənənəvi olaraq keçirilən “Atma-Yarat-Sat” sosial layihəsində 30-dan çox əlilliyi olan yaradıcı şəxs iştirak edib. Sərgi-yarmarkada, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yetirmələrinin və Peşə-əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi lazımsız hesab edilən əşyaların yaradıcı insanların toxunuşu ilə sənət əsərinə çevrildiyini əyani şəkildə nümayiş etdirmək, tullantıların həcmini azaltmaq, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına dəstək vermək və onların sosial vəziyyətinin yaxşılaşdırılmasına köməklik göstərməkdir. Bir sıra dövlət qurumlarının dəstək verdiyi “Atma-Yarat-Sat” sərgi, satış-yarmarkası ənənəvi olaraq hər il keçirilir. Bu ildən əlilliyi olan insanların əl işlərini artsale.az platforması üzərindən nümayiş etdirmək və satmaq imkanı da yaradılıb.

Bənzər yazılar

0.33018207550049