Bakının Binəqədi rayon sakini A.Ağayev tanınmış tikinti şirkəti tərəfindən dələduzluqla üzləşdiyini iddia edir.
“Qafqazinfo”ya müraciət edən şikayətçi 2017-ci ildən tanıdığı, “EVROSTROY-S.S” MMC-nin və SİPARK yaşayış kompleksinin sahibi Taleh Abbasov tərəfindən aldadıldığını bildirib.
Belə ki, A.Ağayev T.Abbasovun ona satdığı mənzilləri mənimsədiyini, həmçinin əlavə külli miqdarda pul aldığını deyib: “Taleh tikdiyi binaların yaxşı yerlərdə olmasını, qısa müddətə tikintini qurtaracağını, bu binalardakı mənzillərin qiymətinin daha da bahalaşacağını deyərək məni şirnikləndirdi. Onun təkliflərindən sonra 19.03.2018-ci il tarixdə müqavilə ilə həyat yoldaşım N.Ağayevanın adına “EVROSTROY-S.S” MMC-nin Nərimanov rayonu, M.Sənani küçəsində tikdiyi binadan 313 kv.m sahəli 5 otaqlı, 23.01.2019-cu il tarixdə isə Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən binadan 93.75 kv.m sahəli 2 otaqlı mənzili öz adıma, dəyərini tam ödəməklə aldım. Bundan sonra, yəni 02.04.2019-cu il tarixdə isə həmin binadan daha bir mənzili tam ödənişlə aldım”.
A.Ağayev bildirib ki, 2020-ci ildə binaların tikintisinin dayandırıldığını görüb və problemlər də bundan sonra yaranıb. O, üzləşdiyi vəziyyətlə bağlı Baş Prokurorluğa müraciət edib: “Mən 2020-ci ildə Abbasov Taleh Fəmail oğlu və onun şəriki İsayev Seymur Nizami oğlu ilə görüşərək onlara Təbriz küçəsində tikilməli olan binanın inşasının dayandığına görə irad bildirdim. Dedilər ki, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “EVROSTROY-S” MMC-də hazır mənzillər var. Oraya gedib birgə mənzillərə baxdıq və onlarla razılaşdım. Razılaşmamıza görə, mən Təbriz küçəsindəki iki evi və əlavə 73 min dollar ödəniş edərək Yasamal rayonunda H.Cavid prospektində yerləşən tikintisi başa çatmış “EVROSTROY-S” MMC-nin balansında olan binadan mənzil götürməli idim. Bundan sonra Talehə 38 min dollar verdim. Xaricdən gətizdirdiyim və 35 min dollar dəyəri olan “Toyota” markalı avtomobili də onlara verdim. Lakin sonradan mənzillərin dəyişdirilməsi prosesini müxtəlif bəhanələrlə gecikdirməyə başladılar, hazırda mənə nə yeni, nə də köhnə mənzillər təhvil verilib”.
A.Ağayev əlavə edib ki, bir ay əvvəl isə MMC-yə müraciət edərək M.Sənani küçəsində inşası başa çatmış binada olan 313 kv m sahəli mənzilini təmir etdirmək istəyib, lakin şirkət əməkdaşları tərəfindən mənzilinə buraxılmayıb: “Binanın həyətində Talehlə görüşdüm, ona müqavilələrimin əslini göstərdim. Lakin o, etiraz edərək digər binadakı iki mənzilimin verilməməsinə görə etdiyim şikayəti xatırlatdı və həmin məsələyə görə 150 min manat xərcinin çıxdığını dedi. Mənə bildirdi ki, şikayətimə görə xərclədiyi 150 min manatı ona verim, əks halda M.Sənani küçəsindəki binadan aldığım 5 otaqlı mənzilimi mənə verməyəcək. Mən bundan sonra ondan şikayət edəcəyimi bildirdim və mənzillərimi yenidən tələb etdim. Taleh isə mənə bildirdi ki, onun adamları var, “hara istəyirənsə, şikayət et”, dedi”.
Şikayətçi məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına, eləcə də Baş prokuror Kamran Əliyevə müraciət edib. O, müraciətində “EVROSTROY-S.S” MMC-nin rəhbəri Abbasov Taleh Fəmail oğlu və onun şəriki İsayev Seymur Nizami oğlu barəsində qanuni tədbir görülməsini, qeyd etdiyi fakt üzrə cinayət işinin başlanmasına və ona dəymiş ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş edib.